DSX-da Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib

DSX-da Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib
# 31 may 2016 08:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycana rəsmi səfərdə olan Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətində (DSX) olub.

DSX mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan və Əfqanıstan arasında dostluq münasibətləri qeyd olun­ub, hərbi-texniki, təlim-tədris, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspek­tivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotrafik və digər transsərhəd cinayətlərlə mübarizə sahəsində əməkdaşlığın həyata keçirilməsi, regional layihələrdə birgə iştirak edilməsi məsələləri müzakirə edilmiş, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsinin, təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb.

Azərbaycanın dövlət sərhədin­dəki əməliyyat şəraiti və möv­cud təhdidlərdən danışan DSX rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhlükə olduğunu qeyd edib. Görüşdə həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində Əfqanıstan nümayəndələrinə ətraflı məlumat verilib.

Səfər müddətində nümayəndə heyətinin DSX-nin struktur bölmələrində olması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR