Bakıda saxta malların aşkar edilməsi mövzusunda konfrans keçirilib

Bakıda saxta malların aşkar edilməsi mövzusunda konfrans keçirilib
# 10 avqust 2016 14:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economic. Bu gün Bakı şəhərində saxta malların aşkar edilməsi və bu sahədə mübarizə məsələlərinə həsr olunmuş konfrans keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Procter & Gamble Azərbaycan Xidmətləri” MMC-nin təşkil etdiyi tədbirdə DGK əməkdaşları iştirak edib.

Konfransın açılış mərasimində DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisinin birinci müavini Rauf Məmmədov bütün dünyada aktual məsələlərdən biri olan saxta mallar probleminə toxunub. Bundan əlavə, Azərbaycanda saxta mallara qarşı mübarizə tədbirlərinin daha da səmərəli aparılması üçün ilk növbədə bu sahəni tənzimləyən beynəlxalq və milli qanunvericilik haqqında məlumat verilib.

Eyni zamanda bildirilib ki, qeyd olunan sahədə yaranan problemlərin daha çevik və səmərəli şəkildə qarşısının alınmasında bu cür qarşılıqlı əməkdaşlıq daha da əlverişli əsas yaradır.

“Procter & Gamble Azərbaycan Xidmətləri” MMC-nin direktoru Tayqun Günay şirkətin dünyada saxta mallara qarşı apardığı mübarizədən danışıb, gələcəkdə də belə tədbirlərin keçirilməsini dəstəkləmək niyyətində olduqlarını söyləyib. DGK-nın saxta mallara qarşı mübarizə işinə töhfə verdiklərinə görə məmnun olduğunu bildirən şirkətin direktoru bu konfransın bütün tərəflər üçün faydalı olacağını vurğulayıb.

Sonra saxta mallarla mübarizəyə dair “Procter & Gamble” şirkətinin dünya təcrübəsi barədə şirkətin regional mütəxəssisi Denis Kraxmalovun məruzəsi dinlənilib. Məruzədə dünya praktikasından misallar gətirilərək beynəlxalq səviyyədə aşkarlanan qaçaqmalçılıq kanalları, üsulları və faktları barədə ətraflı məlumat verilib.

Konfrans saxta malların aşkarlanması üzrə treninqlə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR