Azərbaycan və Meksika ticarət dövriyyəsinin artırılmasını müzakirə edib

Azərbaycan və Meksika ticarət dövriyyəsinin artırılmasını müzakirə edib
# 30 mart 2016 12:33 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Floresi qəbul edib.

Komitənin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

A. Əliyev iki ölkənin istər iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

Komitə sədri iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq, 2014-cü ilin sentyabrında onun rəhbərlik etdiyi qurumun nümayəndə heyətinin Ümumdünya Gömrük Təşkilatının Beynəlxalq PICARD Konfransında iştirak etmək üçün Meksikaya səfərini xatırladıb, eləcə də ötən il Bakıda keçirilən 10-cu illik PICARD Konfransında meksikalı tələbələrin iştirakının qarşılıqlı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi üçün çox faydalı olduğunu bildirib. DGK sədri "Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş"in artıq hazır olduğunu və yaxın zamanlarda imzalanacağına ümid etdiyini bildirib, bu sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyini diqqətə çatdırıb.

A. Əliyev iqtisadi-ticari əlaqələrdən, iki ölkə arasında ticarət dövriyyəsinin həcmindən də söhbət açıb, dövriyyənin daha da artırılması ilə bağlı imkanların mövcudluğundan və bu imkanlardan maksimum yararlanmağın vacibliyindən bəhs edib.

Öz növbəsində səfir Meksika hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirib. Diplomat iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açıb, eləcə də Azərbaycan və Meksika gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Qonaq ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu vurğulayıb, qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR