Əliağa Vahidin qəzəlləri Türkiyə nəşr olunub

Əliağa Vahidin qəzəlləri Türkiyə nəşr olunub
# 01 fevral 2016 07:40 (UTC +04:00)

Türkiyədə Əliağa Vahidin 339 qəzəli kitab şəklində nəşr olunub

Bakı. Cavid Zeynallı-APA. Türkiyədə qəzəlxan Əliağa Vahidin həyatından bəhs edən və qəzəllərinin yer aldığı kitab dərc olunub. APA-nın məlumatına görə, “Türk dünyasının son böyük qəzəl şairi Əliağa Vahid və qəzəlləri” adlı bu dəyərli əsərin müəllifi filologiya elmlər doktoru Mahmut Sarıkayadır. Əsərə elmi rəy isə məşhur türkoloq Prof. Dr. Tuncer Gülensoy tərəfindən yazılıb.

Kitabın ilk hissəsində Əliağa Vahidin həyat və yaradıcılığı barədə geniş məlumat verilib. Dr. Mahmut Sarıkaya əvvəlcə Əliağa Vahidin yaşadığı dövrü və ictimai-siyasi şəraiti təhlil edib, sonra onun ədəbi şəxsiyyəti və əsərləri barədə məlumat verib. Oxucu Əliağa Vahidin üslubu, rəsmi Azərbaycan dilindəki bəzi qaydalar yerinə bəzən Türkiyə Türkcəsinin qaydalarından istifadə etməsi barədə məlumatlandırılıb, bu barədə tezislər misallar ilə izah edilib. Kitabda Əliağa Vahidin qəzəllərinin Türkiyədə dərc olunması üçün uyğunlaşdırılması zamanı diqqət edilən məqamlar barədə məlumat da verilib.

Kitabda Əliağa Vahid ilə bağlı son illərdə dərc olunan bəzi əsərlərdə yol verilmiş olan müəyyən səhvlərə də toxunulub. Dr. Mahmut Sarıkaya bu hissəni yazarkən Azərbaycanda, Türkiyədə və İranda Əliağa Vahid ilə bağlı dərc olunmuş əsərlərdən istifadə edib.

Kitabın ikinci hissəsində isə Əliağa Vahidin 339 qəzəlinə yer verilib. Kitabın diqqət çəkən xüsusiyyətlərindən biri də budur ki, qəzəllər oxucuya çatdırılarkən orijinallıqları mümkün qədər qorunub.

Qeyd edək ki, əsərin müəllifi olan Dr. Mahmut Sarıkaya əslən Azərbaycan Türklərindəndir. Valideynləri Qərbi Azərbaycandan (indiki Ermənistan) Türkiyənin Qars vilayətinə köçüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR