Bacısını öldürməkdə təqsirləndirilən şəxs və onun oğlunun məhkəməsi keçirilib

Bacısını öldürməkdə təqsirləndirilən şəxs və onun oğlunun məhkəməsi keçirilib
# 06 sentyabr 2016 15:55 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şahbaz Xalfəyev və İslam Xəlfəyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Prosesdə qətlə yetirilən Rəfiqə Ağayevanın qızı Seynal Ağayeva ifadə verib. S. Ağayeva qətli törətməkdə təqsirləndirilən şəxslərlə yanaşı, Şəhla Xəlfəyevanın da günahı olduğunu deyib: "Mənim anamla ev üstündə həmişə dalaşırdılar, yola getmirdilər. Şahbaz anama hədə qorxu gəlirdi, təzyiq edirdi. Hadisədən iki gün sonra eşitdim ki, Şahbaz yoldaşı Şəhla ilə söhbət edərkən, qətli məhz onun tapşırığı ilə törətdiyini dedi".

Təqsirləndirən İ. Xəlfəyev atasından qətlin onun tərəfindən törədilib-törədilmədiyini

Soruşub və bu zaman onlar arasında mübahisə yaranıb. Hakimin göstərişi ilə Ş. Xəlfəyev müttəhim kürsüsündən çıxarılaraq, zalda əyləşdirilib.

Təqsirləndirilən İslam Xəlfəyev ifadə verərək, hadisədən xəbərsiz olduğunu və istintaqa ifadəsini təzyiq altında verdiyini deyib. O, qətlə yetirilən bibisi ilə aralarındakı münasibətin yaxşı olmadığını da etiraf edib: "Mən o qədər aciz deyiləm ki, yaşlı qadını o şəkildə öldürüm. Bibimlə münasibətim yaxşı deyildi, ancaq bu o mənaya gəlmir ki, onu mən öldürmüşəm. Gecə evə gəldim. Səhər oyananda hadisədən xəbər tutduq. İlk ifadəmi təzyiq altında verdim”.

Digər təqsirləndirilən Şahbaz Xəlfəyev hadisədən xəbərsiz olduğunu, bacısını qətlə yetirmədiyini deyib.

Təqsirləndirilən Ş. Xəlfəyevin arvadı Şəhla Xəlfəyev məhkəmədə ifadə verib və qətlin əri tərəfindən törədildiyini deyib. Onun sözlərinə görə, qətl hadisəsində oğlu İ. Xəlfəyevin heç bir günahı yoxdur. O, ibtidai istintaqa verdiyi ifadəni təkzib edib.

Təqsirləndirilən Ş. Xəlfəyevin 7 yaşlı oğlu Bilal Xəlfəyev də məhkəmədə ifadə verib. O, hadisədən 1 gün sonra xəbər tutduğunu deyib.

Hakim məhkəmə istintaqının başa çatdığını qeyd edib.

Məhkəmə prosesi sentyabrın 20-də davam etdiriləcək.

Məhkəmənin sonunda təqsirləndirilən şəxslərin yaxınları ilə zərərçəkmiş şəxslər arasında əlbəyaxa insident baş verib.

Qeyd edək ki, yanvarın 18-də Sumqayıt şəhəri, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilmiş və faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib. Həmçinin cinayətin Sumqayıt şəhər sakinləri - qadının qardaşı, 1961-ci il təvəllüdlü Şahbaz Xəlfəyev və onun oğluŞ 1991-ci il təvəllüdlü İslam Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

İstintaq zamanı R.Ağayevanın yanvarın 17-də saat 23 radələrində məişət zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevlər tərəfindən küt alətlə çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülməsi müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR