Gürcüstana səfər edənlər arasında azərbaycanlı turistlər liderliyi əldən vermir

Gürcüstana səfər edənlər arasında azərbaycanlı turistlər liderliyi əldən vermir
# 02 iyun 2016 10:10 (UTC +04:00)

Bakı - APA-Economics. Gürcüstana səfər edən turistlərin və xarici qonaqların sayında yeni rekord müəyyənləşib - bu ilin ilk 5 ayı ərzində ölkəni 2 milyon 119 min 275 nəfər ziyarət edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15,3% çoxdur.

"APA-Economics" "Sputnik Georgia" agentliyinə istindən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib.

Onun sözlərinə görə, qeyd edilən rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 15,3% artıb.

"Qonşu ölkələrdən Gürcüstana səfər edənlərin sayı daha çoxdur. İlk yerdə Azərbaycan qərarlaşıb. Bu ölkədən Gürcüstana 570 min 825 nəfər səfər edib ki, bu da 22%-lik artım deməkdir. Azərbaycanın ardınca Türkiyə gəlir ki, bu ölkədən Gürcüstana səfər edənlərin sayı 524 min 71 nəfər olub. Üçüncü yerdə qərarlaşan Ermənistandan ölkəmizə 445 min 343 nəfər səfər edib. Dördüncü və beşinci yeri Rusiya və Ukrayna tutur - bu ölkələrdən Gürcüstana müvafiq olaraq 303 min 678 və 53 min 166 nəfər gəlib", - deyə G. Çoqovadze bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzv olan ölkələrdən Gürcüstana daha çox Latviya, İtaliya, Polşa, Fransadan səfər edirlər.

"Bu ilin əvvəlində biz ölkəyə daha çox turistin cəlb olunması üçün müvafiq tədbirlər planı hazırladıq. Plana əsasən, həm ölkə daxilində, həm də ölkə xaricində aktiv tədbirlər həyata keçirdik. Bunun nəticəsi olaraq, ölkəyə gələn turistlərin sayında artım tendensiyası müşahidə olundu. İndi biz əminliklə deyə bilərik ki, bu il ölkəyə rekord sayda turist gələcək", - deyə G. Çoqovadze bildirib.

Mayı ayının göstəricilərinə gəlincə, o deyib ki, ötən ay ərzində Gürcüstana 522 min 359 xarici qonaq daxil olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% çoxdur. Mayda ölkəyə daha çox Türkiyədən (134 min 652 nəfər) səfər ediblər. İkinci yerdə Azərbaycan (111 min 944 nəfər), üçüncü yerdə isə Ermənistan (110 min 562 nəfər) qərarlaşıb.

Xatırladaq ki, 2015-ci ildə Gürcüstan turizm sektorundan 1,94 mlrd. dollar gəlir əldə edib ki, bu da 2014-cü illə müqayisədə 8,34% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR