“Memarlıq və inşaat təhsilinin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib

“Memarlıq və inşaat təhsilinin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib
# 15 mart 2016 14:07 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycanda memarlıq və inşaat ali təhsilinin 95, AzMİU-nun 40 illik yubileyinə həsr olunmuş "Memarlıq və inşaat təhsilinin aktual problemləri" mövzusunda elmi-praktik konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan AzMİU-nun rektoru, memarlıq doktoru, professor, əməkdar memar Gülçöhrə Məmmədova bildirib ki, bu il Azərbaycanda memarlıq və inşaat təhsilinin 95, AzMİU-nun müstəqil ali təhsil ocağı kimi fəaliyyətə başlamasının 40 illiyi münasibəti ilə geniş tədbirlər planı hazırlanıb, silsilə tədbirlərin, görüşlərin və layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

G. Məmmədova qeyd edib ki, konfransın keçirilməsində əsas məqsəd bir əsrə yaxın tarixi və tədris ənənələri olan memarlıq və inşaat təhsilinin bugünkü səviyyəsi, inkişaf mərhələləri, müasir dövrün, qloballaşan dünyanın çağırışlarına cavab verən təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələblərinə uyğun qurulması, onun qarşıya qoyduğu məsul və şərəfli vəzifələrin yerinə yetirilməsi istiqamətində aparılan araşdırmalara yeni töhfələr verməkdir. O, çıxışında günümüzə qədər böyük bir təkamül yolu keçən memarlıq və inşaat təhsilində əldə olunan uğurlardan, onun təkmilləşməsi istiqamətində aparılan islahatlardan, yeniliklərdən danışıb, rəhbərlik etdiyi təhsil müəssisəsinin beynəlxalq təhsil məkanına inteqrasiyası, universitetlər arasında əlaqələrin getdikcə genişlənməsi istiqamətində görülən işlərə toxunub. Rektor çıxışında ölkəmizdə elmin inkişafı, elmi araşdırmaların aparılması üçün hər cür şərait yaradıldığını, bu sahəyə prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini, universitetin maddi-texniki bazasının gücləndirilməsi üçün ölkə prezidentinin mühüm sərəncamlar verdiyini qeyd edib.

Təhsil Nazirliyinin nümayəndəsi Natiq Məmmədov isə konfrans iştirakçılarına təhsil naziri Mikayıl Cabbarovun təbrik məktubunu çatdırıb. Sonra Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov konfrans iştirakçılarını yubiley münasibəti ilə təbrik edərək uğurlar arzulayıblar.

Onu da qeyd edək ki, konfransda Nazirlər Kabineti, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, AMEA-nın müvafiq elmi-tədqiqat institutları, ARDNŞ, “Azərsu” ASC, “Akkord” Şirkətlər Qrupu və digər qurumların nümayəndələri iştirak ediblər, maraqlı çıxışlar səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR