“Atletlər kəndi”ndəki qəza ilə bağlı cinayət işi məhkəməyə qaytarılıb

 “Atletlər kəndi”ndəki qəza ilə bağlı cinayət işi məhkəməyə qaytarılıb
# 01 aprel 2016 11:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Avropa Oyunları zamanı yaradılan “Atletlər kəndi”ndə baş vermiş qəza ilə bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə materiallar baxılmaq üçün yenidən məhkəməyə qaytarılıb.

APA-nın məlumatına görə, cinayət işi üzrə məhkəmə prosesi aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Cavid Hüseynovun sədrliyi ilə başlayacaq.

Qeyd edək ki, yanvarın 15-də keçirilən hazırlıq iclasında məhkəməyə Baş Prokurorluqdan daxil olan məktub oxunub. Məktubda bildirilib ki, zərərçəkən şəxslərə Avstriya səfirliyi və Avropa Komitəsi tərəfdən istintaqın başa çatması və işin məhkəməyə göndərilməsi barədə məlumat verilib. Prosesdə təqsirləndirilən Vəli Əhmədovun vəkili vəsatətlə çıxış edərək deyib ki, ittiham üzrə zərərçəkən şəxslərin ifadəsi yoxdur. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Məhkəmə onun vəsatətini təmin edib. Cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb.

Xatırladaq ki, 2015-ci il iyunun 11-də I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib. Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR