Azərbaycan ərazisində yeddi tank əleyinə mina, üç PHS aşkarlanıb

Azərbaycan ərazisində yeddi tank əleyinə mina, üç PHS aşkarlanıb
# 05 iyul 2016 17:43 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam rayonunun Qaradağlı kəndi ərazisində 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat (PHS) aşkar olunmayıb.

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tərtər rayonunun Çaylı kəndi ərazisində isə 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb.

Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd PQ-7 raketi aşkar edilib.

Ağstafa rayonunun Dağkəsəmən kəndində yolun kənarında 100 mm-lik top mərmisi aşkar edilərək götürülüb.

Gəncə şəhərinin Kəpəz rayonunun ərazisində isə 7 ədəd TM-62 tank əleyhinə mina aşkar olunaraq götürülüb.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel – 5 iyul tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 575 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 15 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR