ABŞ Dövlət Departamentinin rəsmisi: “Azərbaycana sıx tərəfdaşlıq üçün təşəkkür edirəm”

ABŞ Dövlət Departamentinin rəsmisi: “Azərbaycana sıx tərəfdaşlıq üçün təşəkkür edirəm”
# 16 sentyabr 2016 17:18 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə insan alverinə qarşı mübarizə mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə hökumət nümayəndələri, QHT rəhbərləri, ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizə və monitorinq üzrə məsul şəxsi Heyli Rayt və Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı mübarizə baş idarəsinin rəisi Şərif Əsədullayev iştirak edib.

Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Gill bildirib ki, insan alveri Azərbaycan və ABŞ da daxil olmaqla, bütün ölkələr üçün böyük təhdiddir. Onun sözlərinə görə, bu problemin həlli üçün 4P mexanizminin icrası - qarşısını alma, qoruma, mühafizə etmə və tərəfdaşlıq çox vacibdir: "Bu sahədə tərəfdaşlıq çox vacibdir. 2016-cı ilin mart ayında səfirlik və DİN İnsan Alverinə qarşı mübarizə baş idarəsinin təşkilatçılığı ilə beynəlxalq konfrans təşkil etdi. Bu konfrans çərçivəsində hüquq- mühafizə orqanları və müxtəlif şəxslərin birgə fəaliyyətlərinin koordinasiyası həyata keçirilib. ABŞ-ın Azərbaycanda həyata keçirdiyi ən vacib proqramlardan biri insan alverinə qarşı mübarizəyə yönəldilmiş proqramlardır. Azərbaycanda ABŞ və DİN Miqrasiya idarəsinin təşkilatçılığı ilə insan alveri qurbanları üçün sığınacaqların yaradılması və oradakı insanların əmək qabiliyyətlərinin artırılması istiqamətində iş görülüb".

Sonra çıxış edən ABŞ Dövlət Departamentinin İnsan Alverinə qarşı mübarizə və monitorinq üzrə məsul şəxsi Heyli Ray Dövlət Departamentinin insan alveri sahəsində cinayətləri yaxından izlədiyini deyib: "Mənim Azərbaycana səfərim bununla bağlıdır. Biz müxtəlif ölkələrdəki səfirliklərimizlə bu sahədə sıx işləyirik. 2015-ci ildə Azərbaycan hökuməti insan alverinə qarşı mübarizə sahəsində irəliləyiş əldə edib. Buraya insan alveri hallarının araşdırılması, cinayətkarların təqib olunması və cəzalandırılması daxildir. Azərbaycana sıx tərəfdaşlıq üçün təşəkkür edirəm. Bu sahədə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik".

Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı mübarizə baş idarəsinin rəisi Şərif Əsədullayev isə ABŞ Dövlət Departamentinin 2016-cı ildə insan alverinə qarşı ənənəvi hesabatında Azərbaycanın bu sahədə gördüyü işlərin yüksək qiymətləndirildiyini deyib: "Səfirlik Daxili İşlər Nazirliyi ilə bu sahədə mütəmadi əməkdaşlıq edir. Hesabatda Azərbaycana edilən 10 tövsiyə sistematik olaraq təmin olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR