BMT QAK Azərbaycanda əhalinin siyahıya alınması ilə bağlı təklif irəli sürüb

BMT QAK Azərbaycanda əhalinin siyahıya alınması ilə bağlı təklif irəli sürüb
# 27 sentyabr 2016 16:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi qəbul edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Furio de Angelis BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə birlikdə 31 avqust - 2 sentyabr tarixlərdə məcburi köçkünlərin vəziyyəti ilə tanış olmaq, həmçinin məcburi köçkün icmalarının sosial və iqtisadi rifahı barədə məlumat əldə etmək məqsədi ilə Bərdə, Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarına səfərlərinin nəticələri haqqında öz təəssüratlarını çatdırıb. Furio de Angelis deyib ki, gələcəkdə əhalinin növbəti siyahıya alınması zamanı onların da müvafiq təklifləri var və bu məsələ ilə bağlı aidiyyəti qurumlarla birgə müzakirələr aparılacaq.

F. de Angelisin qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq, çox aktiv fəaliyyət göstərdiyini deyən Əli Həsənov bölgələrə səfər edərək məcburi köçkünlərlə görüşdükləri və bu problem haqqında dünya ictimaiyyətini məlumatlandırdıqları üçün onlara təşəkkürünü bildirib. Komitə sədri problemin dondurulmuş halda saxlanmasında maraqlı olan dövlətlərin olduğunu söyləyib: “Əgər onlar istəsə, bu problem tezliklə öz həllini tapar”.

Görüşdə Furio de Angelis Tərtər rayonunda səfərdə olarkən Şıxarx kəndində “Marağa-150” abidəsinə baxdıqlarını, həmin abidənin şəkillərini çəkdiklərini diqqətə çatdırıb. Ə. Həsənov qeyd edib ki, ermənilərin Qarabağa köçürülməsini sübut edən çoxsaylı mənbələrdən biri də Tərtər rayonunun Şıxarx kəndində “Marağa-150” abidəsidir. Bu abidə çar Rusiyası ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Ə. Həsənovun sözlərinə görə, erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir: “Erməni yalanlarını dünyaya çatdırmaq üçün Azərbaycan prezidenti həmin abidənin tezliklə bərpa olunmasını, ölkəmizə səfər edən insanlara, xarici nümayəndə heyətlərinə göstərilməsi üçün tapşırıqlar verib”.

Görüşdə perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR