Tiflisdə Tədbiqi Psixolinqvistika üzrə 11-ci Dünya Konqresi keçirilir

Tiflisdə Tədbiqi Psixolinqvistika üzrə 11-ci Dünya Konqresi keçirilir
# 28 iyun 2016 02:29 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. İyunun 27-də İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetində (TDU) Tədbiqi Psixolinqvistika üzrə 11-ci Dünya Konqresi başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, konqres Beynəlxalq Tədbiqi Psixolinqvistika Assosiasiyasının təşəbbüsü və TDU-nun himayəçiliyi ilə təşkil olunub.

Konqresdə 52 ölkənin müxtəlif universitetlərindən, o cümlədən Almaniya, Azərbaycan, Bolqarıstan, Braziliya, Malayziya, Gürcüstan, alim və tələbələr qatılıb. Tədbirdə Azərbaycanı filologiya elmləri doktoru, Gürcüstan Elmlər Akademiyasının üzvü Çingiz Bədəlov təmsil edir.

Konqresdə Braziliyadan gələn Beynəlxalq Tədbiqi Psixolinqvistika Assosiasiyasının prezidenti, professor Leonor Kabral, Gürcüstan Milli Elmlər Akademiyasının fəxri prezidenti Tamaz Qamkrelidze, Beynəlxalq Tədbiqi Psixolinqvistika Assosiasiyasının Gürcüstan üzrə prezidenti, professor David Qotsiridze, TDU-nun rektor əvəzi Darecan Tvaltvadze, Rusiyanı təmsil edən Beynəlxalq Tədbiqi Psixolinqvistika Assosiasiyasının vitse-prezidenti Natalya Ufimtseva, Amerika Şurasının prezidenti Den Devidso və digər alimlər linqvistikadan bəhs edən müxtəlif mövzularda çıxış ediblər. Sonra konqres plenar iclaslarda davam edib.

4 gün ərzində keçiriləcək tədbirdə stend-məruzələr təşkil edilib, doktorantlar və gənc alimlərlə seminar və ustad dərsləri keçirilmək planlaşdırılıb. Konqres çərçivəsində Baş Assambleyanın yığıncağı keçiriləcək və gələcək 4 il üçün yeni prezident və Konqresin Rəyasət Heyəti seçiləcək. Tədbir iyunun 30-da başa çatacaq. Qeyd edək ki, Tədbiqi psixolinqvistikaya həsr olunan konqres 1981-ci ildən başlayaraq 4 ildən bir dünyanın müxtəlif ölkələrində keçirilir.

Beynəlxalq Tədbiqi Psixolinqvistika Assosiasiyasının prezidenti Leonor Kabral APA-ya açıqlamasında konqresin məqsədi barədə açıqlama verib: “Bu dillərin və psixologiyanın öyrənilməsində yeni elmdir. Konqresə 1 500 elm adamı məruzələrini göndərib. Biz konqres çərçivəsində bu məruzələrin ən yaxşılarını seçib müəllifləri tədbirimizə dəvət etmişik. Əvvəlki tədbirlərimizdə müxtəlif ölkələrdən alimlər qatılmışdırsa, bu il siyahıya Afrika da əlavə olunub. Bu ilki tədbirdə 187 nəfər iştirak edir. Konqresi keçirməkdə məqsədimiz tədbir çərçivəsində bir-birimizin mədəniyyətini öyrənmək, dil öyrənmək baxımından təklif və rəyləri dinləmək, linqvistikanın metodoloji problemləri barədə ətraflı məlumat almaqdır”, deyə Leonor Kabral bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR