Millət vəkili: "Tez gəlir gətirən sahələrə diqqəti artırmaq lazımdır"

Millət vəkili: "Tez gəlir gətirən sahələrə diqqəti artırmaq lazımdır"
# 23 fevral 2016 10:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Ölkədə tez gəlir gətirən sahələrə diqqəti artırmaq lazımdır. "APA-Economics" xəbər verir ki, bu barədə Milli Məclisdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili deyib ki, kiçik və orta sahibkarlığın inkişafı sahəsinə diqqət artırılmalıdır: "Bununla bağlı, vergi və gömrük orqanlarından xahiş edirəm... Düzdür, son vaxtlar gömrük sistemində çox ciddi islahatlar aparılır. Xüsusilə, sərhəd zonalarında bunu görmək olar. Mən bunu çox müsbət addım kimi qiymətləndirirəm. Amma elə etməliyik ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında problemlər olmasın. Dövlət başçısının son vaxtlar qəbul etdiyi sərəncamlar, fərmanlar, Milli Məclisin qəbul etdiyi bir sıra qərarlar bizə imkan yaradır ki, 2016-cı ildə də çətinliklərə baxmayaraq manatın növbəti devalvasiyasından qaçaq və 2016-cı ildə də Azərbaycanın iqtisadi inkişafını uğurla davam etdirək".

V. Əhmədov əlavə edib ki, yenilənmiş dövlət büdcəsindən kənd təsərrüfatı sahəsinə 86 mln. manatın ayrılması nəzərdə tutulub. Millət vəkili hesab edir ki, bu, olduqca azdır: "Çünki, kənd təsərrüfatında, xüsusilə emal və suvarma sahəsində problemlər həddən artıq çoxdur. Taxtakörpü su anbarı, Şəmkirdə böyük su anbarının inşa edilməsinə baxmayaraq, rayonların su təminatında çox ciddi problemlər var. Mən belə hesab edirəm ki, Azərbaycan hökuməti suvarma ilə bağlı xüsusi proqram işləyib hazırlamalı və qəbul etməlidir. Əks təqdirdə biz kənd təsərrüfatında ciddi irəliləyişə nail ola bilmərik”.

V. Əhmədov əlavə edib ki, hökumət ipotekaya ayrılan vəsaitin artırılması istiqamətində də işləməlidir. Onun sözlərinə görə, 2016-cı ilin dövlət büdcəsində ipotekaya 50 mln. manatın ayrılması nəzərdə tutulub: "Bundan başqa, prezident İlham Əliyevin ipotekaya daha 200 milyon manatın artırılması barədə də tövsiyəsi var. Hökumət bu məsələyə baxmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR