Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
# 27 aprel 2016 11:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi prosesdə şahid qismində Pərviz Qabilzadə ifadə verərək ibtidai istintaqa verdiyi ifadəni təsdiq edib.

Digər şahid Aydın Mahmudovun istintaq zamanı verdiyi ifadə prosesdə elan olunub.

Cavid Hüseynovun vəkili Adəm Məmmədov, “Qəbələ” Futbol Klubunun meneceri Səbuhi Səfiyarlı və Zəfər Şərifov adlı şəxsin məhkəmədə şahid qismində dindirilməsi barədə vəsatət verib.

Məhkəmə vəsatətləri təmin edib.

Proses mayın 4-də davam etdiriləcək.

Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR