Mülhaus festivalında “Xocalı 613” simfonik poeması yeni tərtibatda ifa edilib

Mülhaus festivalında “Xocalı 613” simfonik poeması yeni tərtibatda ifa edilib
# 22 sentyabr 2016 17:29 (UTC +04:00)

Bakı – APA. Fransanın Elzas regionunda yerləşən Mülhaus şəhərində “Théâtre de la Sinne” teatrında “Les 2 Mondes” musiqi festivalının yekun konsertində emosional cəhətdən köklənmiş “Xocalı 613” adlı simfonik poemanın ifa edilməsi yerli auditoriya tərəfindən böyük ehtiramla qarşılanıb.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, “Xocalı 613” əsəri TEAS ilə sıx əməkdaşlıq edən tanınmış fransız bəstəkarı Pyer Tilloy tərəfindən yazılıb və Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunub.

Əsəri azərbaycanlı dirijor Fuad İbrahimovun rəhbərliyi altında Mülhaus Orkestri ifa edib. Bu, azərbaycanlı dirijorun Fransada debüt çıxışı idi. “Xocalı 613” əsəri erməni işğalçıları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlının harayını musiqinin dili ilə canlandırmaq kimi ərsəyə gəlib. Bu haray Qarabağın harayıdır.

Daha kiçik qruplarda müxtəlif versiyalarda ifa edilmiş bu əsərin yeni tərtibatında əlavə zərb alətlərindən istifadə edilir və bununla erməni silahlı qüvvələrinin azərbaycanlı mülki şəxslərə qarşı törətdiyi vəhşiliklər vurğulanır.

“Xocalı 613” əsəri artıq beş ilə yaxındır ki, dünyanın müxtəlif yerlərində ifa edilir. Bu yeni tərtibat demək olar ki, əsərin fikrimdə tutduğum ilkin konsepsiyasına yaxındır. Mənim əsas məqsədim bu əsərin böyük orkestr tərəfindən ifa edilməsi idi”, - deyə P. Tilloy bildirib.

Əsərdə Nyu York şəhərində yerləşən Cilliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu Səbinə Rakçeyevanın skripkada solo ifası və fransalı klarnet ifaçısı Alen Tuaronun interpretasiyası əsərin faciəvi təbiətini nümayiş etdirib.

Avropa Azərbaycan Cəmiyyətinin Strasburq ofisinin direktoru Eliza Piter isə əsəri beş il ərzində simfonik orkestr və kamera ansamblı da daxil olmaqla, müxtəlif musiqiçilərin ifasında dinlədikdən sonra belə, yenə də təsirləndiyini bildirib: “Bu axşam Mülhausda eşitdiyim bu versiya bütün gözləntilərimi üstələdi. Maraqlıdır ki, tədbirdə iştirak edən və əksəriyyəti Xocalı qətliamı haqqında məlumatsız olan fransız auditoriya da eyni şəkildə sanki hipnoz altına düşmüşdü”.

Mülhaus şəhərinin sakini olan Pyer Tilloyun rəhbərlik etdiyi “Les 2 Mondes” festivalı Azərbaycan mərkəzdə olmaqla, İpək Yolu ölkələrinin və dünya musiqiçilərini bir araya gətirən ikinci festivaldır. Festival proqramına Azərbaycanın Kitabi Dədə Qorqudun qədim alətlərində canlandırılması, Azərbaycanın “Bakı Ulduzları” rəqs qrupunun, pianoçu və bəstəkar Etibar Əsədlinin etnocaz, Aygerim Yersainova və Mukaddas Mijitin rəqs nömrəsi, Səmərqəndin Simli Alətlər Kvartetinin və rəqəmsal “KORDS” qrupunun ifası daxil idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR