Tiflisdə gürcü bəstəkarının "Vaqif" mahnısına çəkilən klipin təqdimatı keçirilib

Tiflisdə gürcü bəstəkarının "Vaqif" mahnısına çəkilən klipin təqdimatı keçirilib
# 30 yanvar 2016 18:38 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzaə-APA. Bu gün Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə gürcü bəstəkarı Vaja Azaraşvilinin "Vaqif" mahnısına azərbaycanlı rejissor tərəfindən çəkilən klipin təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, klip Gürcüstan-Azərbaycan dostluğuna həsr olunub.

Tədbiri Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva açaraq Gürcüstan və Azərbaycan xalqının tarixi dostluğunun bu gün və gələcəkdə də davam edəcəyini bildirib. Onun sözlərinə görə, bu gün gürcü dilində təqdimatı keçirilən "Vaqif" mahnısının Mirzə Fətəli Axundovum ev muzeyində keçirilməsi bu dostluğun bir daha təsdiqidir.

Sonra klipin müəllifi, gürcü bəstəkarı Vaja Azaraşvili, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, görkəmli gürcü şairi Cansuq Çarkviani, rejissor Vüqar Əliyev, Heydər Əliyev adına Tiflis Dövlət Dram Teatrının direktor müavini Namiq Hacıyev, müğənni İbrahim Borçalı, aşıq Nargilə Mehdiyeva və digər gürcü və azərbaycanlı ictimaiyyət nümayəndələri müasir şəraitdə Gürcüstan və Azərbaycan mədəniyyətinin inkişafına həsr olunan klipin hər iki xalqın dostluğuna həsr olunduğunu bildiriblər.

Sonda "Vaqif" mahnısına çəkilən klip nümayiş etdirilib. Klipdə mahnını əslən Tiflisdən olan və Tatarıstan və Türkiyədə mahnı yarışlarına qatılan azərbaycanlı müğənni Aysel Məmmədova ifa edib. Klipdə gənc cütlük Tiflisin qədim məhəllələrini, tarixi abidələr olan yerləri gəzərək Azərbaycan milli geyimində mahnı ifa edərək dostluğu tərənnüm edir. Klipi rejissor Vüqar Əliyev çəkib və rollarda Ümman Sadıqov və müğənni Aysel Məmmədova çəkiliblər.

Gürcü bəstəkar Vaja Azaraşvili APA-ya açıqlamasında Nizami Gəncəvi və Molla Pənah Vaqif və digər Azərbaycan şairlərinin sözlərinə silsilə mahnılar bəstələdiyini bildirib: "Mən çox sevinirəm ki, bu gün Tiflisdə "Vaqif" mahnısı gürcü dilində səslənir. Şeirin müəllifi Petre Baqrationidir. O, Vaqifin dilində mahnı oxuduğunu bildirib. Bunu klipdə azərbaycanlı xanım gürcü dilində səsləndirir. Bu, Gürcüstan və Azərbaycan dostluğuna həsr olunan bir əsərdir. Biz bu əsərdə Azərbaycan şairi Molla Pənah Vaqifi də xatırlayırıq. Mənim azərbaycanlı dostlarım çoxdur və biz bu dostluğu daim inkişaf etdirməliyik", - bəstəkar bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR