DSX-nin qarnizonlarında "Valideyn günləri” təşkil olunub

DSX-nin qarnizonlarında "Valideyn günləri” təşkil olunub
# 20 mart 2016 09:15 (UTC +04:00)

Bakı-APA. Novruz bayramı ərəfəsində Dövlət Sərhəd Xidmətinin Bakı, Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Zaqatala, Şəmkir, Yevlax qarnizonlarında “Valideyn günləri” təşkil olunub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, əsgərlər Novruz bayramının sevincini valideynləri ilə birgə yaşayıblar.

Tədbirlərdə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, Dövlət Sərhəd Xidməti rəisinin müavinləri və digər rəhbər vəzifəli şəxslər iştirak ediblər.

“Valideyn günləri”ndə qonaqlara öncə hərbi hissə barəsində ümumi məlumat verilib, valideynlər əsgərlər üçün yaradılmış xidmət və məişət şəraiti ilə yaxından tanış olublar. Əsgərlərin müddətli hərbi xidməti dövründə valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılıb, sərhədçilərin xidməti şəraiti barədə qonaqların fikirləri dinlənilib. Xidmətdə fərqlənən əsgərlər Fəxri Fərmanlarla, “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanları ilə, Döyüş Bayrağı önündə çəkilən fotoşəkillərlə, qiymətli hədiyyələrlə təltif olunub, onların valideynlərinə “Təşəkkür məktubları” təqdim edilib. Valideynlər əsgər yeməkxanasında bayram süfrəsi arxasında övladları ilə birgə nahar etdikdən sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR