Operativ qərargah: Sabaha fırtına xəbərdarlığı verilməsinə baxmayaraq böyük gəmilər öz işini davam etdirəcək

Operativ qərargah: Sabaha fırtına xəbərdarlığı verilməsinə baxmayaraq böyük gəmilər öz işini davam etdirəcək
# 08 dekabr 2015 17:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə və Neft Daşlarının 501 saylı platformasında itkin düşmüş insanların axtarışı bu gün də davam etdirilib. İtkin düşən 26 nəfərin axtarışları helikopter və gəmilərlə davam etdirilib.

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

O bildirib ki, saat 20:00-a olan məlumata görə, yanğının söndürülməsində SOCAR-a kömək edəcək şirkətin adı məlum olub: “Bu, “Boots and Coots”şirkətidir. Onlar 10-cu dərin dəniz özülündə olublar. Hazırda 5-ci özüldə öz texnikasını qurmaqla və gələcək fəaliyyət planını hazırlanması ilə məşğuldurlar”.

O bildirib ki, artıq “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə elektrik enerjisinin bərpasına da cəhd edilib: “Bununla bağlı işlər davam etdirilir”.

Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib: “Sabaha fırtına xəbərdarlığı verilib. Əgər bu proqnoz əksini tapsa, böyük gəmilər öz işini davam etdirəcək, kiçik gəmilər isə qəza baş verən ərazini tərk edəcəklər. Hazırda qəza yerində 2 “Vixr” gəmisi və 1 ədəd “Topaz” gəmisi yanğının söndürülməsində iştirak edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR