“Bank VTB (Azərbaycan)” Rusiyada təhsil almaq istəyənlərə kredit verəcək

“Bank VTB (Azərbaycan)” Rusiyada təhsil almaq istəyənlərə kredit verəcək
# 10 iyun 2016 15:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB (Azərbaycan)” Rusiyada təhsil almaq üçün nəzərdə tutulan kredit məhsulunu ictimaiyyətə təqdim edib.

APA-Economics”in məlumatına görə, təqdimatda paytaxtın müxtəlif orta məktəb və liseylərinin, eləcə də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakıdakı filiallarının nümayəndələri iştirak edib.

“Bank VTB (Azərbaycan)”ın təhsil krediti MDB ölkələrində ilk belə bir məhsuldur. Hazırda Rusiyada Azərbaycandan olan 15 minə qədər tələbə təhsil alır və bank, bu ölkənin təhsil müəssisələrində oxumaq istəyən şəxsləri dəstəkləmək niyyətindədir. Layihə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi ilə birgə həyata keçirilir.

Kredit vəsaitlərini həm Rusiya ali məktəblərinin Bakıdakı filiallarında, həm də Rusiyadakı istənilən ali və orta-ixtisas müəssisələrində təhsil almaq üçün əldə etmək olar. Bunu nəzərə alaraq kredit həm manat, həm də rublla verilir. Bundan başqa, kredit əlavə təhsilin, təkmilləşmə və peşə hazırlığının ödənişinə də ayrıla bilər. Layihə bütün təhsil növlərinə - əyani, qiyabi, əlavə və ikinci təhsil, aspiranturaya da aid edilir. Krediti hal-hazırda oxuyan və ödənişli təhsilini davam etdirmək istəyən şəxslər də ala bilər.

Layihənin şərtlərinə əsasən, kredit həm təhsil alanın adına, həm də onun yaxın qohumunun adına verilə bilər. Kreditin müddəti 6 aydan 60 ayadək təşkil edir. Təhsil üçün ilkin ödəniş tələb olunmur. Tələbə fərqlənmə ilə oxuduğu halda faiz dərəcəsinin 1% azaldılması nəzərdə tutulur. Kreditin məbləği 300 - 30 000 manat və ya 19 000 -1 920 000 rubl təşkil edir.

“Müasir dövrdə əksər tələbələr ödənişli təhsil alır, amma hər bir ailə bunun üçün böyük məbləğdə vəsait xərcləmək imkanına malik deyil. Bizim bank üçün bu proqram kommersiya layihəsindən çox sosial layihədir. Bu bankımızın Azərbaycan tələbələrinin təhsilinin keyfiyyətinin artırılmasına, gələcəkdə burada çalışacaq və neft sektorundan başqa iqtisadiyyatın digər sahələrini inkişaf etdirəcək peşəkar mütəxəssislər bazasının yaradılmasına olan töhfəsidir”, - deyə bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR