Qırğızıstanda Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə yubiley gecəsi və konsert təşkil edilib

Qırğızıstanda Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə yubiley gecəsi və konsert təşkil edilib
# 20 mart 2016 12:07 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Qırğızıstandakı səfirliyi bu ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında müsəlman Şərqində ilk operanın, operettanın, musiqili komediyanın yaradıcısı, Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə yubiley gecəsi və konsert təşkil edib.

Azərbaycanın Qırğızıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Qırğızıstan hökumətinin üzvləri, digər rəsmi şəxslər, səfirlər, beynəlxalq təşkilatların rəhbərləri, deputatlar, görkəmli ziyalılar, elm, ədəbiyyat, mədəniyyət xadimləri, soydaşlarımız iştirak ediblər.

Konsertdə Qırğızıstanın Xalq Artisti Jumakadır Kanimetov, Əməkdar Artist Sadırbek Jumaşev, o cümlədən teatrın baş xormeysteri Karaqul Tilençiyev, solistlər Asel Bekbayeva, Bakıt Ibıkeyev, Nurjiqit Asanov, Salima Mamatova, Almaz İstambayev, Mediana Baitova çıxış ediblər. Tədbirə xüsusi olaraq dəvət edilmiş Azərbaycanın “Xalq artisti” Azər Zeynalov və “Əməkdar artist” İlahə Əfəndiyeva dahi bəstəkarın ölməz əsərlərini ifa ediblər. Konsertin dirijoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev, rejissoru İskender Saatbayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR