"AmCham": Azərbaycan investorları cəlb etmək baxımından regional mərkəz kimi çox gözəl imkana sahibdir

"AmCham": Azərbaycan investorları cəlb etmək baxımından regional mərkəz kimi çox gözəl imkana sahibdir
# 13 aprel 2016 07:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “İslahatların sürəti çox əhəmiyyətlidir, ölkənin mövcud biznes mühitinin dəyişdirilməsi istiqamətində ciddi addımlar atmaqla eyni fəaliyyət səviyyəsini saxlamaq çox vacibdir. Hesab edirik ki, bu səviyyə saxlanılmalıdır və iqtisadiyyatı gücləndirməlidir. Bu, sadəcə, böyük şirkətlər üçün deyil, orta və kiçik sahibkarlıq müəssisələri üçün daha vacibdir”.

"APA-Economics" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycandakı Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") nümayəndə heyəti arasında baş tutan görüş zamanı Palatanın birinci vitse-prezidenti və “Societe Generale” şirkətinin ölkəmizdəki nümayəndəsi Teybə Quliyeva deyib.

Onun sözlərinə görə, Apellyasiya Şuralarının yaradılması mübahisələrin daha sürətli həllində şəffaflığa xidmət edəcək. T.Quliyeva bildirib ki, gömrük sisteminin liberallaşdırılması və lisenziyalaşdırılmalı fəaliyyət növlərinin azaldılması, “ASAN xidmət” mərkəzlərinin genişləndirilməsi kimi mühüm addımlar biznes ictimaiyyəti tərəfindən müsbət qarşılanır: “Əlbəttə ki, biznes ictimaiyyəti səbirsizliklə tənzimləyici sistemdə daha çox sadələşdirmə gözləyir. Lakin biz başa düşürük ki, bu, öz növbəsində daha yaxşı fəaliyyət göstərmək, daha şəffaf və daha fəal olmaq üçün şirkətlərin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycandakı Amerika Ticarət Palatası bu fikirlərin yayılması və bu məsuliyyətlərin şirkətlərə ötürülməsi üçün həqiqətən yaxşı platformadır. Biz bu islahatların və səylərin ikitərəfli olmasını təmin etmək üçün hökumət və biznes, o cümlədən real sektor arasında körpü rolunu oynayırıq”.

"AmCham Azerbaijan"ın birinci vitse-prezidenti Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasını aparıcı beynəlxalq təcrübələrin qəbul olunmasının ən yaxşı nümunəsi adlandırıb. O qeyd edib ki, Azərbaycanın maliyyə sektorunda, milli valyutada sabitlik və etimadın artırılmasını görmək üçün bütün biznes ictimaiyyəti Palatanın ilk addımlarını səbirsizliklə gözləyir: “İnanırıq ki, Palatanın fəaliyyəti şirkətlər və sektor üçün maliyyə mənbələrinin açılması üzrə müsbət nəticələr verəcək və əlbəttə, digər tərəfdən Azərbaycanın fond birjası, uzunmüddətli kredit bazarında inkişafı stimullaşdıracaq”.

T.Quliyeva deyib ki, Azərbaycan yerli və xarici investorları cəlb etmək baxımından regional mərkəz kimi çox gözəl imkana sahibdir. “Əgər ona xarici investorların nöqteyi-nəzərindən baxsaq, biznes mühitinin sadələşdirilməsindəki son dəyişikliklər çox gözəldir və nikbinliklə qarşılanır. Lakin hesab edirik ki, iş icazəsi rejiminin daha da yaxşılaşdırılması daha çox sənaye mütəxəssislərinin Azərbaycana gəlməsi, öz biliklərini yerli şirkətlərlə paylaşması baxımından da çox əhəmiyyətlidir”, - deyə o vurğulayıb.

Onun fikrincə, xarici investorlar islahatlar barədə daha çox məlumat almalıdırlar: “Bunun üçün də rabitə kanalları daim açıq olmalı, ölkədə baş verənlər barədə maliyyə və qeyri-maliyyə bazarlarına, geniş ictimaiyyətə məlumat ötürülməlidir. Atılan bütün addımların işıqlandırılması isə həm daxili iqtisadiyyat, həm də investorların maraqları baxımından çox müsbət nəticələr doğuracaq. Buna nail olmaq üçün əsas alətlər “Doing Business” hesabatı, “Dünya rəqabətliliyi hesabatı”dır və əlbəttə ki, əsas məqsəd ölkənin kredit reytinqini artırmaqdır. Bilirsiniz ki, bu, hər bir investorun təhlilində əsas yer tutur və ölkənin bu yolda olduğunu sübut etmək üçün artıq bir sıra addımlar atılıb. Beynəlxalq ictimaiyyət bunu qiymətləndirməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR