Əhməd Davudoğlu: “Avropa İttifaqı 2018-ci ilin sonunadək Türkiyəyə 6 milyard avro ayıracaq”

Əhməd Davudoğlu: “Avropa İttifaqı 2018-ci ilin sonunadək Türkiyəyə 6 milyard avro ayıracaq”
# 18 mart 2016 21:02 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı 2018-ci ilin sonunadək qaçqın böhranı ilə əlaqədar Türkiyəyə 6 milyard avro ayıracaq.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsseldə bəyan edib.

“İlk 3 milyarddan biz yaxın günlərdə istifadə etməyə başlayacağıq. Əlavə 3 milyard 2018-ci ilin sonunadək ayrılacaq”, deyə Ə.Davudoğlu bildirib.

Aİ-Türkiyə sazişində qeyd olunub ki, qaçqınların tibb, təhsil, infrastruktur, qida və s. ehtiyacları üçün nəzərdə tutulan layihələrin siyahısı bir həftə ərzində tərtib olunacaq. Sənəddə vurğulanır ki, ikinci maliyyə tranşı birinci 3 milyard sərf edildikdən sonra ayrılacaq: “İlk 3 milyardlıq yardım paketi sərf edildikdən, bütün öhdəliklər yerinə yetirildikdən sonra, Avropa İttifaqı 2018-ci ilin sonunadək Türkiyə hökumətinə əlavə 3 milyard avro ayıracaq”.

Qeyd edək ki, martın 18-də Brüsseldə Avropa İttifaqı-Türkiyə sammiti keçirilib. Sammitdə miqrasiya böhranının nizamlanmasına dair birgə yekun planı yekdilliklə təsdiqlənib.

Martın 7-də Avropa İttifaqı üzvü olan 28 ölkənin liderləri və Türkiyənin baş naziri “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya sazişinin prinsipini razılaşdırıblar. Plana əsasən, Türkiyə ölkəyə gələn qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları isə Aİ-nin vəsaiti hesabına ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir.

Bunun müqabilində Türkiyə ilə viza rejiminin sadələşdirilməsi və Aİ-yə üzvlük üzrə danışıqların tezləşdirilməsi nəzərdə tutulub. Bundan başqa tərəflər birlikdə Suriyada humanitar vəziyyəti yaxşılaşdırmaq niyyətindədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR