Bakalavr, magistr və doktorantlara möhlət hüququnun necə veriləcəyi açıqlanıb

Bakalavr, magistr və doktorantlara möhlət hüququnun necə veriləcəyi açıqlanıb
# 14 iyun 2016 12:45 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanda çağırışçı problemi yoxdur".

APA-nın məlumatına görə, bunu Milli Məclisin növbədənkənar iclasında Azərbaycanda və xarici ölkələrdə təhsil alan bütün bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsini nəzərdə tutan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirən millət vəkili Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, bir alim hərbi xidmətdə olmayacaqsa, yerinin boş qalacağını, yaxud ermənilərin güclənəcəyini heç kim düşünməsin: “Hətta yaxın 10 ildə də çağırışçıların sayını proqnozlaşdıra bilərik. Mən alimlərimizin sayına da diqqət çəkmək istəyirəm. 10 min alimimiz var. 10 min nəfərə 1 alim düşür. İndi 30 yaşında alim tapmaq çətindir. Magistrlərə möhlət hüququnun ləğv edilməsi buna təsir etdi. Orta məktəblərdə müəllimlərin 93 faizi xanımdır. Gənclərimizin kişi kimi hazırlanmasında kişi müəllimlərin rolu əhəmiyyətlidir. Magistrlərin arasında da oğlanların sayı azdır. Məsələn, Bakı Dövlət Universitetində magistrlərin 83 faizi xanım, 17 faizi oğlandır. Dövlət başçısı tərəfindən atılan bu addım, elmdə fasiləsizliyin təmin edilməsi elmin inkişafına səbəb olacaq. Azərbaycan elmi cavanlaşmalıdır”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, dövlət başçısının təşəbbüsü ilə qanunvericiliyə belə bir dəyişiklik təklif edilib: “Bu, təhsildə fasiləsizliklə bərabər, elmin də inkişafına səbəb olacaq”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Ziyafət Əsgərov nəzərə çatdırıb ki, hazırda bakalavr pilləsini bitirən gənclər magistraturaya imtahan verə bilmirlər: “İndi necə olacaq? Bakalavr pilləsini bitirən gənc magistraturaya qəbul olacaqsa, magistraturanı bitirdikdən sonra doktoranturaya da imtahan verə biləcək. Bununla da təhsildə fasiləsizlik təmin olunacaq. Bakalavr pilləsini bitirən gənc magistraturaya qəbul ola bilməyəcəksə, hərbi xidmətə getməlidir. Çünki möhlət hüququ bir dəfə verilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR