Rusiyanın Türkiyədəki keçmiş səfiri: “Hələlik münasibətlərin normallaşması üçün real əsas yoxdur” - MÜSAHİBƏ

Rusiyanın Türkiyədəki keçmiş səfiri: “Hələlik münasibətlərin normallaşması üçün real əsas yoxdur” - <span style="color: red;">MÜSAHİBƏ
# 03 iyun 2016 07:52 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Federasiyasının Türkiyədəki keçmiş səfiri Aleksandr Lebedevin APA-nın Moskva müxbirinə müsahibəsi

- Siz 1998-2003-cü illərdə Rusiyanın Türkiyədə səfiri olmusunuz. İki ölkə arasında münasibətlərin inkişafının təməlini qoyan diplomatlardan birisiniz. Ötən ilin sonunda məlum hərbi təyyarə insidentindən sonra Rusiya-Türkiyə münasibətləri pisləşdi. Lakin son zamanlar hər iki tərəfdən rəsmi şəxslər səviyyəsində münasibətlərin normallaşması üçün çağırışlar səslənir. Bu barədə fikrinizi bilmək istərdik.

- Təbii ki, ilk addımı Türkiyə tərəfi atmalıdır. Onlar Rusiya təyyarəsini vurublar. Rəsmi Moskva Türkiyədən elə də böyük bir şey tələb etmir ki... Sadəcə olaraq, Ankaranın təyyarəni vurduğuna görə üzr istəməsini və Rusiyaya dəyən ziyanın ödənilməsini tələb edir. Kreml sözçüsü Dmitri Peskov da son açıqlamasında qeyd edib ki, Moskva Ankaradan üzr və təzminat gözləyir. Mən də bir diplomat kimi bu tələb və gözlənti ilə razıyam. Ümid edirəm ki, Türkiyə üzr istəyəcək və təzminat ödəyəcək.

- Hesab edirsiniz ki, Ankara üzr istəyəndən və təzminat ödəyəndən sonra münasibətlər düzələcək və əvvəlki qaydada inkişaf edəcək?

- Bəli, çünki Rusiya-Türkiyə münasibətlərinin kökləri çox möhkəmdir. Son 20 ildə iki ölkə arasındakı iqtisadi, siyasi və digər sahədə olan münasibətlərin qurulması üçün çox böyük səylər göstərilib. Görülən işin həcmi o qədər böyükdür ki, hətta sözlə, hansısa siyasi terminlərlə ifadə etmək mümkün deyil. Rusiya-Türkiyə münasibətləri son 20 ildə görünməmiş səviyyəyə çatmışdi. Ona görə də hesab edirəm ki, tərəflər oturub anlaşa bilərlər.

- Sizcə, münasibətlərin normallaşması üçün danışıqlar hansı formatda keçirilməlidir? Türkiyə tərəfi təyyarə insidenti yeni baş verən vaxt iki ölkə arasında ortaq komissiyanın yaradılmasını təklif etmişdi. Yaxın vaxtlarda belə bir komissiyanın yaradılması perspektivləri varmı?

- Baş verən insidentə baxmayaraq, iki ölkə arasında siyasi münasibətlər bu gün də davam edir. Rusiyanın Ankarada səfirliyi yüksək səviyyədə fəaliyyət göstərir. Mən səfir işlədiyim vaxtlarda Türkiyədə indi hakimiyyətdə olan şəxslərlə, o cümlədən Ərdoğanla görüşmüşəm. Düzdür, səfir işlədiyim vaxtlarda Türkiyədə prezident Süleyman Dəmirəl, baş nazir isə Bülənt Ecevit idi. Onlar tamam fərqli siyasi qüvvə idilər. Fikrimcə, Rusiyanın Ankaradakı səfirliyi münasibətlərin normallaşması üçün yüksək səviyyədə iş görməlidir. Rəsmi Moskvanın tələb və istəklərini Türkiyə hakimiyyətinə çatdırmalıdır. O ki qaldı münasibətlərin normallaşması üçün ortaq komissiyanın yaradılmasına, hesab edirəm ki, bunun üçün hələ də gec deyil.

- Ankarada səfir işlədiyiniz vaxtlarda iki ölkə arasındakı münasibətlərdə bu cür gərginlik olubmu?

- Xeyr, heç vaxt belə gərginlik yaşanmayıb. Mənim təcrübəmdə münasibətlərdə hansısa mənfi tendensiya heç vaxt müşahidə olunmayıb.

- Yaxın vaxtlara iki ölkə arasındakı münasibətlərin normallaşmasını gözləmək mümkündürmü?

- Hələlik bunun üçün real əsas yoxdur. Lakin Moskva çox istəyir ki, bu münasibətlər düzəlsin. Mən də çox istərdim ki, münasibətlər bərpa olunsun. Çünki özüm bu münasibətlərin qurulması üçün çox iş görmüşəm. Münasibətlər son hadisəyə qədər çox yaxşı idi. Şəxsən Ərdoğanla Rusiyanın dövlət başçısı arasındakı münasibətlər də yüksək səviyyədə idi. Daha sonra gördüyünüz kimi, Türkiyədə hansısa qüvvələr bu münasibətlərin yaxşı səviyyədə olmasını istəmədi. Bu qüvvələr təkcə Türkiyədə deyil. Türkiyədən kənarda da Moskva-Ankara münasibətlərinin pozulmasını istəyən qüvvələr var. Onlar çalışdılar ki, iki ölkə arasındakı görünməmiş münasibətləri pozsunlar və deyim ki, istəklərinə də nail oldular.

- Dünyada mövcud olan siyasi-iqtisadi konyuktur Rusiya və Türkiyənin bir-birinə ehtiyacının olduğunu göstərir. Siz bu fikirlə razısınızmı?

- Əlbəttə, razıyam. Rusiya və Türkiyə arasındakı tarixdə baş verən çoxsaylı müharibələrə baxmayaraq, Moskva və Ankara tarixi unudaraq çox yaxşı münasibətlər qurmuşdu. İki ölkə arasındakı münasibətlərdə son 20 ildə yeni yol açılmışdı. Heç bir tərəf tarixdə baş verən düşmənçiliyə, müharibələrə fikir vermirdi. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edirdi. Çünki bu ölkələr bir-birinə nə qədər lazım olduğunun fərqinə varmışdılar. Ona görə də, hesab edirəm ki, baş verən son insident də keçmiş tarix olaraq alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR