Səlim Müslümov Tərtərdə özünüməşğulluq proqramına cəlb olunmuş vətəndaşlarla görüşüb

Səlim Müslümov Tərtərdə özünüməşğulluq proqramına cəlb olunmuş vətəndaşlarla görüşüb
# 27 sentyabr 2016 08:40 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tərtər rayonunda özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən və özünüməşğulluq üzrə təlimlərə cəlb olunmuş vətəndaşlarla görüşüb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir bildirib ki, özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən vətəndaşlar şəxsi biznesin qurulması və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlara yiyələnmələri üçün təlimlərə cəlb edilirlər.

“Təlimlərin aparılması üçün seçilmiş təlimçilərə Beynəlxalq Əmək Təşkilatının baş təlimçisi tərəfindən nazirliyin Göyçay rayonundakı Regional Peşə Tədrisi Mərkəzində bir həftəlik təlim kursları keçirilir. Artıq respublikanın ayrı-ayrı rayonları üzrə 75 nəfər bu kursları uğurla başa vurmaqla sertifikatla təmin olunublar. Həmin təlimçilər onlarla bağlanılmış müqavilə əsasında öz rayonlarında özünüməşğulluq proqramında iştirak etmiş üçün müraciət edən vətəndaşlar üçün təlimlərə başlayıblar. Bu təlimlərə artıq 370 nəfərə yaxın işaxtaran və işsiz vətəndaş cəlb olunub”, - deyə nazir vurğulayıb.

S.Müslümov bildirib ki, təlimçilərin hazırlanması üçün kurslar davam etdirilir və ümumilikdə ölkə üzrə 142 təlimçinin hazırlanması nəzərdə tutulub: “İşaxtaran və işsiz vətəndaşlar təlimlərdə iştirak etdikdən sonra həmin insanlardan təlim prosesini başa vuraraq, uğurlu biznes-plan hazırlamış və müdafiə etmiş 1500 nəfər şəxs özünüməşğulluq proqramına cəlb olunacaq”.

Nazir Tərtər rayonunda da təlimçilər tərəfindən iki qrup üzrə təlimlərə cəlb olunmuş 23 nəfər işaxtaran və işsiz şəxsin bu təlimlərdə biznesin təşkili üzrə bilik və bacarıqlara mükəmməl səviyyədə yiyələnəcəklərinə əminliyini ifadə edib: “Çünki yaxşı biznesin qurulması lazımi biliklərə, bacarıqlara malik olmağı tələb edir. Məhz bundan sonra uğurlu biznes-plana sahib ola biləcəksiniz ki, bu da şəxsi biznesiniz üçün müqavilə əsasında sizlərə mal və materialların verilməsini şərtləndirəcək. Onların qanunvericilikdə müəyyən edilmiş qaydada sığortalanması da təmin olunacaq. Sonrakı bir il ərzində sizin biznes fəaliyyətinizin müsbət nəticəsi artıq bu mal və materialların daimi olaraq sizlərin şəxsi mülkiyyətinizə verilməsinə imkan yaradacaq”.

Daha sonra S.Müslümov təlim prosesinə cəlb olunmuş şəxslərin hansı fəaliyyət sahələri üzrə özünüməşğuluq proqramında iştirak etmək istəyində olduqları ilə maraqlanıb. Həmin şəxslər maldarlıq, quşçuluq, tərəvəzçilik, meyvəçilik və s. sahələrdə şəxsi bizneslərini qurmaq istədiklərini, təlimlər zamanı bunun üçün lazımi bilik və bacarıqların verildiyini qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR