AzMİU-da beynəlxalq konfrans keçirilib

AzMİU-da beynəlxalq konfrans keçirilib
# 10 oktyabr 2016 14:43 (UTC +04:00)

Bakı – APA. Bu gün AzMİU-nun Fizika kafedrasının müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Tahir Pənahovun 80 illik yubileyinə həsr olunmuş V Beynəlxalq elmi-praktik konfrans keçirilib.

AzMİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransı giriş sözüylə açan AzMİU rektoru, professor Gülçöhrə Məmmədova alimin həyat yoluna nəzər salaraq onun elmi fəaliyyəti barədə geniş məlumat verib.

T. Pənahovu metal və ərintilər sahəsində yeni istiqamət yaratmış qabaqcıl alim kimi qiymətləndirən rektor eyni zamanda onun gözəl mütəxəssis, tələbə və alimlər yetişdirən əsl ziyalı olduğunu vurğulayıb. G. Məmmədova professorun təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da tanındığını qeyd edib.

Fizika kafedrasının dosenti İbrahim Əlizadə isə T. Pənahovun elmi fəaliyyəti, monoqrafiyaları, dərslik və dərs vəsaitləri barədə məlumat verib.

Alimin həyat yoluna və elmi fəaliyyətinə həsr olunmuş film konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonra qonaqlar – BDU rektoru akademik Abel Məhərrəmov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitututundan akademik T.Əliyev, ADNSU rektoru M. Babanlı, AzTU-nun rektor əvəzi Xalid Yahudov, Moskva Dövlət Universitetinin Bakı filialından professor T. Salamzadə və başqaları yubilyarı təbrik edib, ona xoş arzularını çatdırıblar. Qazaxıstanın Qorqud Ata adına Qızıl Orda Dövlət Universitetindən gələn qonaq, professor A. Seyidmuradov isə professora milli geyim və papaq hədiyyə edib.

Qeyd edək ki, konfransda müxtəlif ölkələrdən dəvət olunmuş görkəmli alimlər, mütəxəssislər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR