Samir Piriyev: "Məni Kamran Həsənli və bacısı Gülər aldadıb"

Samir Piriyev: "Məni Kamran Həsənli və bacısı Gülər aldadıb"
# 02 aprel 2016 12:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün müğənni Samir Piriyev şoumen Kamran Həsənli arasında yaşanan qalmaqalla bağlı mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, müğənninin hüquqlarını müdafiə edən hüquqşünas Ruslan Əhmədoğlu deyib ki, K. Həsənli və S. Priyev arasında illərlə sürən münasibət sonradan dostluğa çevrilib və müğənni dost saydığı K. Həsənliyə etibar edərək ona 2008-ci ildə 115 min manat verib. "Kamran Həsənli bildirib ki, bu pulla Türkiyədə biznes quracaq və biznesi bacısı Gülər Həsənli idarə ediləcək".

Müğənninin vəkili Ceyhun Yusifov isə Kamran Həsənlinin əməlində dələduzluq olduğunu vurğulayıb: "Bakı şəhər Prokurorluğunun Polisə Nəzarət İdarəsi istintaqın obyektiv aparılmasında maraqlı deyil. Digər tərəfdən, bu işdə Kamran Həsənlinin bacısı Gülərin xüsusi rolu var. İstintaq açıq şəkildə Kamran Həsəlidən çəkinir. Kamran Həsənli bu məsələni də şou layihəsinə çevirməyə çalışır. Pul Samir Piriryev tərəfindən Kamran Həsənliyə verilib. Bizim bu gün də Ərhan Yılmaz və "BeyPet" şirkəti barədə məlumatımız, tanışlığımız yoxdur. İnsanın başqasına borcu, öhdəliyi yoxdursa, niyə öz yeganə maşınını Samir Priyevə verir? Niyə söz verir ki, evi satılsın, qalan pulu da verəcək. Bunu necə başa düşmək olar? Əgər öhdəliyin yoxdursa, borc almamısansa, niyə evini satıb pulunu ödəmək öhdəliyi götürürsən? Danışıq yazılarında da bu məqam öz əksini tapıb. Bakı şəhər Prokurorluğunun bu işə obyektiv baxacağına şübhəmiz yoxdur. Lakin Bakı şəhər Prokurorluğunun Polisə Nəzarət İdarəsinin mövqeyi fərqlidir. Samir Piriyev yaxın günlərdə daxili işlər naziri Ramil Usubova da müraciət edəcək".

Müğənni özü isə bildirib ki, K. Həsənlini tərəfindən aldadılacağına inanmırdı: "Mən Antalyaya getdim. Kamrana 35 min dollar və 80 min dollar vermişdim. Gülər Həsənli dedi ki, 115 min manat çatmır. Mən razılaşmadım və Kamran Həsənliyə dedim ki, pulu qaytarın. Kamran Həsənli pulun qalan hissəsinin 2-3 aya qaytaracağını bildirdi, ancaq illər keçdi. Mən Türkiyənin Manisa şəhərində idim, Kamrana zəng edib pulu tələb etdim. Dedi ki, get Antalyaya, Gülər sənə pulu verəcək. Manisadan Antalyaya getdim, Gülər mənə dedi ki, biz biznesmen adamıq, evdə pul saxlamırıq, hələ gözlə. Mən dəfələrlə Kamrana demişəm ki, məsələni bu həddə çatdırmayaq, pulumuzu verin. Məni Kamran Həsənli və bacısı Gülər Həsənli aldadıb".

Qeyd edək ki, mətbuat konfransında S. Piriyevlə K. Həsənli arasında 2014-cü ildə baş tutan danışıqları əks etdirən səs yazısı nümayiş etdirilib. Bundan başqa, müğənni və şoumenin bir-birilərinə yazdığı mesajlar da media nümayəndələrinə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR