Qubad İbadoğlu: "Müsavatın hazırkı rəhbərliyinə ən böyük divanı tarix tutacaq"

Qubad İbadoğlu: "Müsavatın hazırkı rəhbərliyinə ən böyük divanı tarix tutacaq"
# 30 yanvar 2016 18:23 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. "ADR Hərəkatı heç bir siyasi partiyanı, o cümlədən, Müsavatı məhkəməyə verməyib. Biz gələcəyə baxırıq, amalımız demokratik, azad və müstəqil Azərbaycandır. Çox təəssüf ki, hazırkı rəhbərliklə təmsil olunan Müsavat Partiyası cəmiyyətin bütün kəsimlərinin etibarını itirdiyinə görə, bizim mübarizəmizin vizyonundan kənardadır".

APA-nın məlumatına görə, bunu Müsavat Partiyası başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bir qrup sabiq müsavatçının partiyanın hazırkı rəhbərliyini məhkəməyə verməsinə münasibət bildirərkən deyib.

Q. İbadoğlu bildirib ki, Müsavat Partiyası təmsilçilərinin məhkəmədə və mətbuatda bu məhkəməni ADR Hərəkatı ilə bağlamaq cəhdləri həqiqi müsavatçıların partiyadan kənarlaşdırılmasına, partiyadaxili demokratiyanın pozulmasına yanlış hüquqi və siyasi don geyindirmək cəhdinin təzahürüdür. Onun sözlərinə görə, ADR Hərəkatının rəhbərliyi müxtəlif partiyaları təmsil edən üzvlərinin şəxsi qərarlarına hörmətlə yanaşır və belə məsələlərə qarışımır: "Mənim şəxsi mövqeyimə gəlincə, Müsavatın hazırki qeyri-legitim rəhbərliyi ilə mübarizənin hakimiyyətin nəzarətində olan müstəvidə aparılmasını məqbul hesab etmirəm, inanıram ki, vaxt gələcək, onlara ən böyük divanı tarix quracaq. Unutmayın ki, keçmişlə uğraşanın gələcəyi olmaz! Şərəfli keçmişi olan Müsavat dəftəri ADR Hərəkatı üçün artıq qapanmışdır!".

Xatırladaq ki, Müsavatın bir qrup sabiq üzvü partiyanın sonuncu qurultayının nəticələrinin ləğvi üçün məhkəməyə müraciət edib. Qurultayda Arif Hacılı Müsavat Partiyasının başqanı seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR