Nazirlik: Yanvar-fevral ərzində 3 minə yaxın əlil bərpa-müalicə xidməti ilə təmin edilib

Nazirlik: Yanvar-fevral ərzində 3 minə yaxın əlil bərpa-müalicə xidməti ilə təmin edilib
# 29 mart 2016 12:33 (UTC +04:00)

Bakı - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində cari ilin yanvar-fevral aylarında 2642 nəfər əlilliyi olan şəxsə tibbi reabilitasiya xidmətləri göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, onlardan 1392 nəfəri stasionar, qalanları isə ambulator şəraitdə bərpa-müalicə xidməti ilə təmin olunub.

Nazirliyin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi, o cümlədən Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri fəaliyyət göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə ötən ilin sentyabrında əsaslı yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzində əlilliyi olan şəxslərin kompleks tibbi, sosial və peşə reabilitasiyası işlərinin aparılması üçün ən müasir tələblərə uyğun şərait yaradılıb. Mərkəzdə qeyd olunan şəxslərin, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların diaqnostik müayinə və müalicəsi müasir tibbi-fizioterapevtik aparatlardan istifadə şəraitində həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər bir sıra bərpa-müalicə müəssisələrində, o cümlədən Uşaq Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılır. Aparılan bu işlər zamanı həmin müəssisələrdə mütərəqqi beynəlxalq təcrübə əsasında sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün müvafiq potensialın yaradılması da nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR