Vüsal Şilderin qətlində təqsirləndirilən şəxslərin barəsində yeni hökm çıxarılıb

Vüsal Şilderin qətlində təqsirləndirilən şəxslərin barəsində yeni hökm çıxarılıb
# 25 fevral 2016 08:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Almaniya vətəndaşı Vüsal Şilderi öldürməkdə təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbovun cinayət işi üzrə istintaq orqanın verdiyi apellyasiya protesti və zərərçəkmiş şəxsin verdiyi apellyasiya şikayətləri üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmə onların barəsində olan hökmü ləğv edib və yeni hökm çıxarıb. Hökmə əsasən, E. İsgəndərovun cəzası dəyişdirilməyib.

S.Talıbov barəsində isə yeni qərar qəbul edilib. Belə ki, S.Talıbovun yenidən məsuliyyətə cəlb olunmasına qərar verilib. S. Talıbovun cəzası başa çatdığından məhkəmə onun barəsində yenidən axtarış elan olunması haqda qərar çıxarıb.

Qeyd edək ki, Elman İsgəndərov qohumu Seymur Talıbov, Xəyal Əlizadə və qeyriləri ilə qabaqcadan əlbir olaraq sonuncunun yaxın qohumuna münasibəti dəyişmək niyyəti ilə Vüsal Şilderə xəsarət yetirmək qərarına gəlib. Bu məqsədlə o, bir müddət Vüsal Şilderi güdüb. 2 may 2013-cü ildə günorta saatlarında Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında Vüsal Şilderə yaxınlaşaraq ona boyun və ürək nahiyəsindən zərbələr endirib. Aldığı xəsarətlər nəticəsində Vüsal Şilder dünyasını dəyişib. İki gün sonra Elman İsgəndərov şübhəli şəxs qismində tutulub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Talıbov hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib. Sözügüdən cinayəti iştirakçısı Xəyal Əlizadə isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub. Elman İsgəndərov Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə), Seymur Talıbov isə həmin məcəllənin 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman İsgəndərov 15 il, Seymur Talıbov 2 il müddətinə azadlıqdan məhrum edilib. Lakin hökmdən narazı qalan prokuror və zərərçəkmiş tərəf yenidən Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR