Azərbaycana gətirilən kənd təsərrüfatı texnikasının qeydiyyatı proseduru müəyyənləşib

Azərbaycana gətirilən kənd təsərrüfatı texnikasının qeydiyyatı proseduru müəyyənləşib
# 19 aprel 2016 20:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Xarici dövlətlərdə daimi uçot və qeydiyyatdan çıxarılmadan Azərbaycana gətirilən kənd təsərrüfatı texnikasının qeydiyyatı proseduru müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin aprelin 18-də imzaladığı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanında dəyişikliklər edilməsi haqqında fərmanında əksini tapıb.

Əvvəl qeydə alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş kənd təsərrüfatı texnikası gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyat şəhadətnaməsi və nişanları ilə təmin olunur, kənd təsərrüfatı texnikasının əvvəlki uçot yerinə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən edilən müraciətə müvafiq təsdiqləyici cavab alındıqdan sonra daimi şəhadətnamə verilir. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerindən silinməsi Azərbaycan Respublikasında yerləşən xarici səfirlik və konsul nümayəndəlikləri tərəfindən həyata keçirildikdə, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara müvafiq konsul şəhadətnaməsi təqdim edilir.

Xarici dövlətlərdə daimi qeydiyyatdan çıxarılmadan Azərbaycana 30 gündən artıq müddətə müvəqqəti gətirilən kənd təsərrüfatı texnikaları, onları geriyə qaytarmaq barədə sahibinin verdiyi öhdəçilik və gömrük orqanlarının verdiyi icazə sənədi əsasında, Kənd Təsərrüfatı Nazirliyində nəqliyyat vasitəsi sahibinin əcnəbilər üçün vizasında göstərilən müddətə, Azərbaycan vətəndaşı üçün isə bir il müddətindən artıq olmamaq şərti ilə, onun öhdəçiliyi müddətinə dövlət qeydiyyatından keçirilir. Bu zaman həmin kənd təsərrüfatı texnikalarının xarici qeydiyyat sənədləri və nişanları müvəqqəti olaraq saxlanca qəbul olunur və əvəzində onlar müvəqqəti dövlət qeydiyyat şəhadətnaməsi və qeydiyyat nişanları ilə təmin edilirlər. Respublika ərazisini tərk etdikdə xarici qeydiyyat sənədləri və nişanları nəqliyyat vasitəsi sahibinə geri qaytarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR