Azərbaycan XİN Edvard Nalbandyanın iddialarına cavab verib

Azərbaycan XİN Edvard Nalbandyanın iddialarına cavab verib
# 12 dekabr 2015 15:18 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistanın ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesində qeyri-konstruktiv, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş siyasəti və hətta həmsədr dövlətlərin prezidentləri səviyyəsində verilmiş bəyanatların mahiyyətini təhrif etməkdən belə çəkinməməsi Minsk qrupu formatına qarşı ən böyük hörmətsizliyin nümunəsidir.

O qeyd edib ki, Ermənistan bu siyasətini 3-4 dekabr 2015-ci il tarixində ATƏT-in Belqradda Nazirlər Şurasının keçirildiyi və Minsk qrupu həmsədrlərinin xarici işlər nazirləri səviyyəsində münaqişənin həlli ilə əlaqədar bəyanatla çıxış etdikləri bir vaxtda cəbhədə vəziyyəti gərginləşdirməklə bir daha nümayiş etdirib: “Ümumiyyətlə, BMT nizamnaməsinə zidd olaraq, güc tətbiq etmək və qanlı etnik təmizləmə törətməklə, Azərbaycanın ərazilərini işğal etməsi və münaqişə ilə əlaqədar olaraq, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə məhəl qoymaması, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllər törətməsi, o cümlədən Azərbaycan xalqına məxsus maddi-mədəniyyət və dini abidələrin vandalizmə məruz qoyması Ermənistanın beynəlxalq ictimaiyyətə və beynəlxalq hüquqa qarşı hörmətsizlik və etinasızlığının ifrat göstəricisidir”.

Xatırladaq ki, E. Nalbandyan dünən Avstriyada Ermənistanın xarici ölkələrdəki səfirləri və beynəlxalq təşkilatlardakı daimi nümayəndələri ilə görüşüb. Həmin görüşdə o, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin çağırışına cavab olaraq son günlər cəbhə xəttindəki vəziyyətin gərginləşməsini həmsədr ölkələrə və beynəlxalq ictimaiyyətə vurulmuş sillə kimi qiymətləndirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR