DGK sədri İNCU prezidenti ilə görüşüb

DGK sədri İNCU prezidenti ilə görüşüb
# 30 sentyabr 2016 09:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Filippinin Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) 11-ci illik Konfransı çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGT) sədri Aydın Əliyevlə Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (İNCU) prezidenti Deyvid Uiddouson arasında görüş keçirilib.

DGK-nın Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə İNCU prezidenti D. Uiddouson DGK-nın dəstəyi, Dövlət Gömrük Komitəsi Akademiyası və İNCU-nun Bakı ofisinin təşkilatçılığı ilə bu ilin iyun ayında Qəbələ şəhərində “Gənclərin Dialoqu - Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” mövzusunda Beynəlxalq Tələbə Konfransının müvəffəqiyyətlə keçirilməsinə görə A. Əliyevə təşəkkürünü ifadə edib. İNCU prezidenti gömrük sahəsində ixtisaslaşacaq gənc mütəxəssislərin və tələbələrin məqalə və elmi araşdırmalarının təqdim olunduğu bu səpkili tədbirlərin keçirilməsində Azərbaycan gömrük xidmətinin təcrübəsinin təqdirəlayiq olduğunu bildirib, bu təcrübənin öyrənilərək gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə D. Uiddouson gələn il keçiriləcək konfransda iştirak edəcək mütəxəssislərin, alimlərin və tələbələrin siyahısının və konfransın proqramının tərtib olunmasında Azərbaycan gömrük xidmətinin dəstək göstərməsi təklifi ilə çıxış edib. Bundan başqa konfransda gənclər tərəfindən təqdim olunan məqalə və elmi araşdırmaların yer alacağı jurnalın təsis edilməsi və bu jurnalın Bakı şəhərində çap olunmasına dair fikir mübadiləsi aparılıb.

A. Əliyev Azərbaycan gömrük xidməti haqqında xoş sözlərə görə D. Uiddousona minnətdarlığını ifadə edərək Azərbaycanın gömrük sahəsində çalışan kadrların potensialının gücləndirilməsi işinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Azərbaycan gömrük xidmətinin akademik sahədə və INCU-nun nail olmaq istədiyi təşəbbüslərin reallaşmasında, yəni gömrük peşəsinin akademik nüfuzunun təşviq edilməsində maraqlı olduğunu bildirən A. Əliyev beynəlxalq ticarətin elmi sahələrinə marağı olan tələbələrin bu sahədə beynəlxalq səviyyədə tanınmış professorlarla tanış olmalarına imkan verəcək tədbirləri məmnuniyyətlə dəstəkləyəcəklərini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR