Tbilisidə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” adlı tədbir keçirilib

Tbilisidə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” adlı tədbir keçirilib
# 29 may 2018 13:11 (UTC +04:00)

Tbilisidə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” adlı tədbir keçirilib.


APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycanın Gürcüstandakı səfirliyi və SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin dəstəyi ilə tədbir AXC-nin elan olunduğu indiki “Gənclər sarayı”nın binasında baş tutub. Tədbir Azərbaycan dövlət himninin tədbir iştirakçıları tərəfindən ifa olunması ilə başlayıb. Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov gəncləri Respublika Günü və AXC-nin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. Diplomat Azərbaycanda gənclərlə bağlı həyata keçirilən dövlət siyasətindən danışıb.


Sonra çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tədbirin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycanın Gürcüstandakı səfirliyi və SOCAR-ın Gürcüstan nümayəndəliyinə təşəkkür edib. O qeyd edib ki, bugünkü tədbir AXC-nin 100 illiyi ilə bağlı Gənclər Fondunun təşkil etdiyi silsilə tədbirlərdən biridir: “Tədbirlərimiz Bakı və Gəncədə də keçiriləcək. Bu tədbirlərin mərkəzində gənclər olacaq”.

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi AXC-nin yaranmasına aparan yol və onun süqut tarixinə aid geniş təqdimatla çıxış edib.
Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub.


Tədbirdə Azərbaycanın müxtəlif rayonlarını təmsil edən gənclər, Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı gənclər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR