Azərbaycan Atçılıq Federasiyası bəyanatla çıxış edib

Azərbaycan Atçılıq Federasiyası bəyanatla çıxış edib
# 16 iyul 2015 13:45 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Atçılıq Federasiyası son günlər Ermənistan kütləvi informasiya vasitələrində Qarabağ cins atları ilə bağlı yayılan məlumatlarla bağlı bəyanatla çıxış edib.

Atçılıq Federasiyasından APA-ya verilən xəbərə görə, bəyanatda ermənilərin bu addımı onların növbəti çirkin addımı kimi qiymətləndirilib.

Bəyanatda bildirilir ki, dünyada mövcud olan 260-dan çox at cinsindən 2-si Azərbaycana məxsusdur: “Bunlar Qarabağ və Dilbaz cinsləridir. Qarabağ atı yalnız Azərbaycan ərazisində deyil, regionda mövcud olan bir sıra digər at cinslərinin formalaşmasında da iştirak edib. Buna Don, Budyonnıy cinslərini misal göstərmək olar. Lakin bu bir həqiqətdir ki, bu atların əsas damazlıq özəyi Azərbaycana məxsusdur. Belə ki, ən qədim zamanlardan bu ərazilərdə cinsin köhnə tipləri, qızılı atlar mövcud olub. Tarixin sonrakı mərhələlərində cinsin daha tipik və saf qanlı nümunələri Qarabağ xanları Pənah xanın, Mehdiqulu xanın, İbrahim xanın, Cəfərqulu-Cavanşir xanın, Xurşud Banu Natəvanın nəzarətində yetişdirilib. Sovet dönəmində də Qarabağ atı özünəməxsus inkişaf yolu keçib, ötən əsrin ortalarında Qarabağ xan atlarının nəslindən olan damazlıq atların əsasında 1949-cu ildə Ağdam Atçılıq Zavodu yaradılıb. Ağdam Atçılıq Zavodu hazırkı dövrə qədər inkişafını davam etdirməkdədir. Qarabağ muharibəsi zamanı erməni işğalçı qoşunları Ağdam Atçılıq Zavodunun ərazisini işğal edərkən Qarabağ atları xilas edilib və Bərdə rayonunun ərazisində, Lənbəran qışlağında yerləşdirilib. Həmin təsərrüfat hazırda da fəaliyyətini davam etdirir və damazlıq-özək funksiyasını daşımaqdadır. Bununla belə, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni iqtisadi şəraitin tələbinə uyğun olaraq 20-dən artıq özəl qurumlar və fiziki şəxslər Qarabağ atı yetişdirməkdədir".

Bəyanatda qeyd olunur ki, 1970-1980-ci illərdə bir sıra Avropa ölkələrinə Qarabağ atı Moskvadakı auksionlar vasitəsilə satılıb: "Cinsin qəbul edilmiş beynəlxalq qaydalara uyğun olaraq damazlıq kitabı (studbook) mövcuddur və onun ən qədim dövrlərdən bu günə kimi nəsil şəcərələri məlumdur. Müasir dövrün tələblərinə uyğun olaraq DNT analizləri əsasında atlar nəsil mənsubiyyəti və cinsin genetik parametrlərinə uyğunluğu nəzərə alınaraq qeydiyyata alınmaqdadır”.

Bəyanatda xatırladılır ki, Qarabağ atları davamlı olaraq cıdır yarışlarında iştirak edir: “Bununla yanaşı, “Çovqan” milli atüstü oyunu üzrə yaradılan bir neçə komanda da Qarabağ atlarından təşkil olunub. Son illər beynəlxalq arenada daha çox sensasiya doğuran amil kimi Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Qarabağ atları üzərində “Süvarilər” atüstü şousunun təşkili, habelə “Qızıl Oğlan 2” adlı Qarabağ atının 2012-ci ilin may ayında İngilis kraliçası İİ Yelizavetanın hakimiyyətə gəlişinin 60 illik yubileyi ilə əlaqədar keçirilən mərasimlərdə Azərbaycanın milli rəqsini dresaj elementləri ilə tandem şəklində ifa etməsi beynəlxalq arenada geniş rezonans doğurub. Məhz həmin tədbir ərəfəsində Federasiyanın rəhbər heyəti ingilis kraliçası ilə görüşüb. Həmin görüşdə 1956-cı ildə sovet höküməti tərəfindən kraliçaya hədiyyə edilmiş Azərbaycanın əvəzsiz genefond nümunəsi olan “Zaman” adlı Qarabağ atı xoş xatirələrlə yada salınıb. Təsadüfi deyil ki, UNESCO-nun 2013-cü il dekabrın 2-dən 7-dək Bakı şəhərində keçirilən Baş Assambleyasında Qarabağ atı Azərbaycanın “Çovqan” atüstü milli oyunu ilə vahid element şəklində Təxirəsalınmaz Qorunmağa Ehtiyac Duyulan Qeyri-Maddi İrs siyahısına daxil edilib. 140-dan artıq dövlətin mədəniyyət və elm xadimlərinin səs verdiyi bu faylın qəbulu ilə əslində Azərbaycan sübut etdi ki, Qarabağ ərazisi və həmin əraziyə aid olan Qarabağ atı, həmçinin həmin atın üzərində yaranmış “Çovqan” atüstü milli oyunu Azərbaycan xalqına məxsusdur. Bütün qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, Azərbaycanın Qarabağ atçılığı ilə əlaqədar reallığı əks etdirən tarixi faktlardan kənar digər hər hansı spekulyativ çıxışların və sərsəm fikirlərin heç bir əsası yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR