Qaradağlı kəndinin ermənilər tərəfindən işğalının 25-ci ildönümü qeyd olunub

Qaradağlı kəndinin ermənilər tərəfindən işğalının 25-ci ildönümü qeyd olunub
# 17 fevral 2017 10:25 (UTC +04:00)

Xocavənd rayonunun ən böyük yaşayış məntəqələrindən olan Qaradağlı kəndinin işğalının 25-ci ildönümü qeyd olunub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu münasibətlə Beyləqan rayon ərazisində məskunlaşan xocavəndlilər anım mərasimi keçirib.

Rayon ərazisində Qaradağlı kənd sakinlərinin məskunlaşdığı qəsəbədə ucaldılan abidə kompleksi ziyarət edilib. Xocavənd rayon İcra Hakimiyyətinin təşkil elədiyi tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ərazidə xidmət edən “N” saylı hərbi hissənin əsgər və zabitləri iştirak edib.

Qeyd edək ki, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.

Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib.

Qaradağlı indi də işğal altındadır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR