Mingəçevirdə insan alverinə qarşı mübarizə ilə bağlı tədbir keçirilib

Mingəçevirdə insan alverinə qarşı mübarizə ilə bağlı tədbir keçirilib
# 24 oktyabr 2016 12:01 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) və “İnsan Alveri Qurbanlarına Dəstək” Konsorsiumunun birgə proqramı çərçivəsində Mingəçevir şəhərində bölgə jurnalistləri üçün təlimlər təşkil olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, Mingəçevir Media Mərkəzində “Regionda insan alveri probleminin qarşısının alınması və stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə” mövzusunda keçirilən təlimdə Mingəçevir, Oğuz, Ucar, Yevlax, Ağdaş, Goranboy, Ağcabədi, Bərdə, Tərtər, Göyçay və İsmayıllı rayonlarında dərc edilən yerli media orqanlarının əməkdaşları iştirak ediblər.

Tədbirdə insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, onların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesfik olan insan alveri formaları, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə məlumat verilib. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, onların müdafiəsi ilə bağlı nəzərdə tutulan çoxşaxəli tədbirlər, insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri, vətəndaşların insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri haqda danışılıb.

İnteraktiv keçən təlimdə jurnalistlərin insan alverinə qarşı mübarizə aparan QHT-lərlə əməkdaşlıq məsələləri də müzakirə edilib.

Qeyd olunub ki, proqram çərçivəsində bir saatlıq verilişin və videoçarxın çəkilişi və yerli TV-də yayılması, bölgə qəzetlərində insan alveri probleminə dair araşdırma yazıların hazırlanması, region jurnalistləri arasında insan alveri probleminə dair məqalə müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR