İƏT gənclər nazirləri konfransının Daimi Şurasının iclası keçirilib

İƏT gənclər nazirləri konfransının Daimi Şurasının iclası keçirilib
# 12 may 2017 10:49 (UTC +04:00)

Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) gənclər nazirləri konfransının Daimi Şurasının iclası keçirilib.

APA-nın xəbərinə görə, İƏT-ə üzv ölkələrin gənclər və idman nazirlərinin 2016-cı ildə İstanbulda keçirilən 3-cü sessiyasında qəbul edilmiş qərara əsasən növbəti - 2018-ci ildə keçiriləcək İƏT GİN 4-cü Sessiyasına Azərbaycan ev sahibliyi edəcək.

İclasda İƏT GİN 3-cü sessiyasında qəbul edilmiş qərarların icrası qrafiki, gələn il Bakıda keçiriləcək İƏT GİN konfransının 4-cü sessiyasına hazırlıq işləri, İslam Həmrəylik Oyunları və s. məsələlər müzakirə olunub. Bakıda keçirilən “İƏT Modeli Gənclər Zirvəsi”ndə İƏT ölkələri ortaq Gənclər Gününün təsis edilməsi ilə bağlı irəli sürülən layihə də müzakirə edilib. Azərbaycan prezidenti İlham Əliyevin iştirakı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə 2006-cı il 3 sentyabrda İstanbulda keçirilmiş İƏT Gənclər Forumunun təsis gününün İƏT Gənclər Günü olaraq elan edilməsi təklifi dəstəklənib. 3 sentyabr İslam ölkələrinin ortaq Gənclər Günü olaraq təsis edilib.

Qərara alınıb ki, yeni təsis edilən İƏT Gənclər Gününün 2017-ci ildə İƏT məkanındakı tədbirlər planı Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəylik ili” elan edilməsi haqda təşəbbüsünə beynəlxalq ictimai dəstək olaraq “Fəaliyyətdə İslam Həmrəyliyi” şüarı altında keçirilsin. 2018-ci ilin Gənclər Gününə qədər bu çərçivədə keçiriləcək bütün tədbirlərin “Fəaliyyətdə İslam Həmrəyliyi” şüarı ilə keçirilməsi qərara alınıb.

Toplantıda Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç, İƏT Baş Katibliyinin, Səudiyyə Ərəbistanı Krallığının nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR