MÜSİAD rəhbəri: “Azərbaycan bizə hər cür dəstək verib”

MÜSİAD rəhbəri: “Azərbaycan bizə hər cür dəstək verib”
# 24 oktyabr 2016 12:55 (UTC +04:00)

Bakı – APA. Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi 6 ay ərzində dünyanın fərqli nöqtələrində 12 şöbə açacaq. APA-nın xəbərinə görə, bu yaxınlarda Cənubi Afrika Respublikasında (Johannesburg), Almaniyada (Karlsruhe), Makedoniyada (Skopye) şöbələr açan MÜSİAD, qarşıdakı 6 ay içərisində Azərbaycan, Avstraliya, Yaponiya, Hollandiya, Gürcüstan, Pakistan, Fransa, İngiltərə, Qazaxıstan, Qırğızıstan, Sudan və Belçikada şöbələr açmağı planlaşdırır.

MÜSİAD başqanı Nail Olpak Türkiyədə 86, digər 65 ölkədə isə 170 nöqtədə təmsil edildiklərini söyləyərək, xüsusilə 15 iyul sonrasında xaricdəki MÜSİAD şöbələrinin daha böyük əhəmiyyət qazandığını, dost ölkələrin FETÖ ilə mübarizədə Türkiyəyə verdikləri dəstəyi şöbə açmaq prosesində də gördüklərini bildirib: “Ötən günlərdə verdiyim bir açıqlamada dünyadakı təşkilatlanma işimizin davam etdiyini, önümüzdəki günlərdə dost və qonşu ölkələrdən Makedoniya, Gürcüstan və Azərbaycanda şöbə açmağı planladığımızı, Azərbaycan şöbəmiz üçün icazə prosesinin son mərhələsinə gəlindiyini ifadə etmişdim. Şöbələrin açılması zamanı FETÖ-nün bəzi ölkələrdə bizə əngəl yaratmağa çalışdığını ifadə edərkən, söhbət əsnasında bu ölkələrdən birinin də Azərbaycan olduğu gündəmə gəlmişdi. Anlaşılmazlığa fürsət verməmək üçün xüsusilə vurğulamaq istəyirəm ki, dost və qardaş ölkəmiz olan Azərbaycan MÜSİAD şöbəmizin açılışı ilə bağlı bizə hər cür dəstəyi verib. Azərbaycan hökuməti bu günə qədər bütün hüquqi prosedurların həllində bizə yardım edib. MÜSİAD üçün də Azərbaycanın ayrı bir yeri var. Çünki Azərbaycan bizim ortaq tariximiz, eyni zamanda da ortaq gələcəyimizdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR