Prezident İlham Əliyev: “Azərbaycan və Belarus beynəlxalq qurumlarda bir-birini fəal dəstəkləyir”

Prezident İlham Əliyev: “Azərbaycan və Belarus beynəlxalq qurumlarda bir-birini fəal dəstəkləyir”
# 28 noyabr 2016 21:46 (UTC +04:00)

“Bizim əlaqələrimiz çox səmimi, açıq, dostluq xarakteri daşıyır. İndicə imzalanan hər bir sənəd böyük əhəmiyyət kəsb edir. Sənədlər arasında prezidentlərin imzaladığı və əməkdaşlığımızın əsas istiqamətlərini müəyyənləşdirən, eləcə də münasibətlərimizin ruhunu və xarakterini əks etdirən Birgə Bəyanat xüsusi yer tutur”.

APA-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev noyabrın 28-də Azərbaycan və Belarus arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata açıqlamasında deyib.

“Biz Belarus tərəfinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tutduğu mövqeyə görə çox minnətdarıq. Belarus həmişə qanunun aliliyinin, beynəlxalq hüququn və beynəlxalq təşkilatların qərar və qətnamələrinin yerinə yetirilməsinin tərəfdarıdır. Biz beynəlxalq qurumlarda bir-birimizi fəal dəstəkləyirik. Bizim ya Belarusun, ya da Azərbaycanın üzv olmadığı təşkilatlarda həmişə bir-birimizi dəstəkləməyimiz, söz deməyimiz xüsusilə dəyərlidir. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki əgər sən hər hansı təşkilatın üzvüsənsə, iclaslarında iştirak edirsənsə, həmişə yalana, böhtana, ədalətsizliyə cavab verə bilərsən. Lakin Belarus Azərbaycanın iştirak etmədiyi bəzi təşkilatların üzvüdür, həmçinin biz Belarusun iştirak etmədiyi bəzi təşkilatların üzvüyük. Ancaq bilirik ki, əgər bu qurumlar çərçivəsində ölkələrimizə qarşı əsassız hücum cəhdləri olarsa, biz həmişə öz prinsipial mövqeyimizi bildirəcəyik. Bu, çox dəyərlidir. Düşünürəm ki, burada iştirak edənlər mənim nə barədə danışdığımı bilirlər”, deyə prezident İ.Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, iki ölkə yaxşı qarşılıqlı fəaliyyət, birgə layihələrin reallaşdırılması tarixinə malikdir: “Bunların arasında əlbəttə ki, traktorların istehsalı üzrə zavod xüsusi yer tutur. Qısa müddət ərzində prezidentlərin təkcə xoş arzuları və tövsiyələri ilə Gəncədə yaradılan MAZ avtomobilləri zavodu buna nümunədir. Qısa vaxtda Belarus tərəfi bizə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verən müasir super istehsal sahəsi yaratmağa böyük kömək göstərib. Biz texnika idxalından asılılığı xeyli dərəcədə azaltmışıq. Eləcə də bu gün deyildiyi kimi, istehsal olunan maşınların, mexanizmlərin, traktorların başqa ölkələrə ixracına başlamışıq. Biz aqrosənaye kompleksləri sahəsində əməkdaşlıqla bağlı hərtərəfli müzakirə apardıq. Şadam ki, kənd təsərrüfatının bu sahəsində də Belarus mütəxəssisləri tərəfindən iri layihə reallaşdırılacaq. Belarus tərəfinin bu sahədə çox yaxşı təcrübəsi var”.

Prezident İlham Əliyev Azərbaycanın Belarusda, Belarusun isə Azərbaycanda ticarət evlərinin yaradılması barədə qərarın qəbul olunduğunu bildirib: “Biz bu məsələdə Belarusdan geri qalırıq. Belə ki, Belarusun artıq Azərbaycanda ticarət nöqtələri, obyektləri var. Biz isə hələlik buna yeni hazırlaşırıq. Düşünürəm ki, yaxın vaxtlarda bu istiqamətdə mövqelərimizi bərabərləşdirəcəyik. Bizim qarşılıqlı fəaliyyətimizin mühüm hissəsini hərbi sənaye sahəsi təşkil edir. Biz bu sahədə də çoxdan tərəfdaşlıq edirik və bir-birimizi sınaqdan çıxarmışıq. Biz hərbi sənaye kompleksi sahəsində əməkdaşlıq səviyyəsindən çox razıyıq və əməkdaşlığı gücləndirmək niyyətindəyik”.

Energetika sahəsinə toxunan dövlət başçısı bildirib ki, bu əməkdaşlığın uzunmüddətli və möhkəm olması barədə də müvafiq göstərişlər verilib: “Çünki neft əməliyyatları və neft ixracatı sahəsində əlbəttə ki, uzunmüddətli tədarüklər lazımdır. Mən həm də belə bir məsələ qaldırdım ki, biz nəqliyyat sahəsində əməkdaşlıq barədə məsləhətləşmələrə başlamalıyıq. Bildiyiniz kimi, biz regionumuzda yeni nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı iri layihələr həyata keçiririk. Azərbaycanın və Belarusun coğrafi mövqeyi bizə bu istiqamətdə çox fəal əməkdaşlıq etməyə imkan verir. Biz imkanlarımızdan və müxtəlif ölkələrlə əlaqələrdən istifadə edərək öz ölkələrimizin ərazisindən yük daşımalarının həcmini artırmalıyıq. Əminəm ki, bu səfər bizim qarşılıqlı dostluq münasibətlərimizin inkişafına təkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR