APA agentliyi Parisdə keçirilən Ümumdünya Rus Mətbuatı Konqresində təmsil olunur

APA agentliyi Parisdə keçirilən Ümumdünya Rus Mətbuatı Konqresində təmsil olunur
# 21 oktyabr 2016 02:27 (UTC +04:00)

Paris. Fərid Əkbərov -APA. Fransa paytaxtında XVIII Ümumdünya Rus Mətbuatı Konqresi işinə başlayıb. APA-nın Parisə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, YUNESKO-nun mənzil qərargahında keçirilən forumda dünyanın 64 ölkəsindən rusdilli nəşr, radio, telekanal, internet KİV-lərinin 250-dən çox nümayəndəsi iştirak edir.

Ümumdünya Rus Mətbuatı Assosiasiyasının himayəsi altında keçirilən forumun açılışı Parisdəki Rusiya Pravoslav Mədəniyyət Mərkəzinin açılışı ilə eyni günə təsadüf edib. Forum iştirakçılarına Rusiya prezidenti Vladimir Putinin müraciətini Rusiyanın mədəniyyət naziri Vladimir Medinski oxuyub.

TASS agentliyinin direktoru Sergey Mixaylov açılış mərasimində çıxışında Konqresin əsas müzakirə mövzusunun dünyada rus dilinin qorunub saxlanılması və mövqeyinin möhkəmləndirilməsi olacağını söyləyib: "Forumun işində əsas diqqət xaricdəki çoxmilyonlu rusdilli diasporun qarşılıqlı fəaliyyətinə ayrılacaq. Bizim konqres çoxdandır ki, təkcə Rusiyanın deyil, digər ölkələrin də ictimai həyatında vacib hadisəyə çevrilib. Məhz TASS agentliyi 1999-cu ildə Ümumdünya Rus Mətbuatı Konqresinin keçirilməsinin təşəbbüskarı olub".

Açılış mərasimindən sonra Konqres işini plenar iclaslarla davam etdirib. "Rusidilli media millətlərarası qarşılıqlı zənginləşmənin və əməkdaşlığın məkanı kimi" adlı plenar iclasda çıxış edən "EXO Moskvı" radiosunun baş redaktoru Aleksey Venediktov dünyada rus dilində danışan insanların sayının kəskin azaldığını söyləyib. Dünya ölkələrində rus dilinin vəziyyəti ilə bağlı danışan Venediktov rus dilində danışan insanların sayının kəskin azalmasının qarşısını almaq üçün bu problemin haradan qaynaqlandığına diqqəti yönəltməyin lazım olduğunu bildirib.

Daha sonra çıxış edən A.S.Puşkin adına Rus Dili Universitetinin rektoru və Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı rusdilli KİV-lərdə rus dilinin vəziyyətindən danışıblar.

Qeyd edək ki, XVIII Ümumdünya Rus mediası Konqresində Azərbaycan mediasının nümayəndələri də təmsil olunurlar. YUNESKO-nun mənzil qərargahında keçirilən forumda APA İnformasiya Agentliyinin Rusiya təmsilçisi Fərid Əkbərov, rus dilində nəşr olunan "Kaspi" qəzetinin baş redaktoru İlqar Hüseynov, AZƏRTAC Agentliyinin Fransa təmsilçisi Şəhla Ağalarova, rus dilində nəşr olunan "Passaj" jurnalının baş redaktoru Nərminə Aqasi və digər rusdilli Azərbaycan KİV-lərinin nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, Ümumdünya Rus Mediası Assosiasiyası özündə dünyanın 80 ölkəsindən 3 mindən çox rusdilli nəşr və elektron KİV-i birləşdirir. Quruma yarandığı gündən YUNESKO-nın xoşməramlı səfiri, TASS agentliyinin keçmiş baş direktoru Vitali İqnatenko rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR