BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub
# 07 mart 2017 15:16 (UTC +04:00)

Bakı Slavyan Universitetində (BSU) 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar təntənəli bayram tədbiri keçirilib. BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir universitetin foyesində Rəssamlar Klubunun üzvlərinin qadınlara həsr olunmuş əl işlərindən ibarət sərgisinin nümayişi ilə başlanıb.

Tədbirdə təbrik nitqi ilə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva bütün xanımları əlamətdar gün münasibətilə təbrik edib: “Qadınlara qayğı, diqqət hər zaman cəmiyyətdə vacib prinsip olub. Çünki qadın anadır, o, bəşəriyyətin davamını yetişdirir, tərbiyə edir”.

Rektor Azərbaycan cəmiyyətində bu gün stabillik olmasını xüsusi vurğulayaraq bunun Ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb: “Biz bütün bunlara görə dövlətimizin rəhbərliyinə minnətdar olmalıyıq. Azərbaycan Respublikasının bugünkü Prezidenti İlham Əliyevin uğurlu siyasəti sayəsində Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik prinsipləri tam bərqərar olub”.

N.Əliyeva bayram münasibətilə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ünvanına təbrik səsləndirib və Azərbaycanın dünyaya tanıdılmasında gördüyü böyük işlərdə ona uğurlar diləyib.

Sonra BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov universitetin xanımlarını təbrik edərək qadınların yaradıcı qurğu olduğunu vurğulayıblar. Prorektorlar çıxışlarında humanizmin, insansevərliyin məhz qadın ruhunun, qadın qəlbinin bəhrəsi olduğunu diqqətə çatdırıblar. R.Novruzov və T.Cəfərov BSU-nun rektoru Nurlana Əliyevanın imzaladığı fəxri fərmanları universitetin ən qocaman və uzun illər təcrübəsi olan xanım müəllimlərinə təqdim ediblər. İngilis filologiyası kafedrasının baş müəllimi Südabə Həsənova, müasir rus dili kafedrasının professoru Lidiya Qranovskaya, Avropa dilləri kafedrasının baş müəllimi Klara Kərimova və Sankt-Peterburq mərkəzinin əməkdaşı, dosent İrina İvanovna Qədimova mükafata layiq görülüblər.

Bayram tədbiri respublikanın xalq artisti, dövlət mükafatı laureatı Yalçın Rzazadə, xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Ədalət Şükürovun çıxışları ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR