İstilik şəbəkələrinin qəbiristanlıqlardan keçməklə çəkilməsi qadağan edilib

İstilik şəbəkələrinin qəbiristanlıqlardan keçməklə çəkilməsi qadağan edilib
# 28 oktyabr 2017 09:41 (UTC +04:00)

Azərbaycanda yaşayış məntəqələrində istilik şəbəkələri çəkilmə üsulundan və istilik təchizatı sisteminin növündən asılı olmayaraq istilikdaşıyıcının kimyəvi, bioloji və radioaktiv çirkləndirilməsi təhlükəsini yaradan zibillik, insan və heyvan qəbiristanlığı, radioaktiv maddələrin basdırıldığı ərazilərdən, həmçinin suvarma, filtrasiya və digər sahələrdən keçməməlidir.

APA-nın məlumatına görə, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının qəbul etdiyi və oktyabrın 27-də qüvvəyə minən “İstilik şəbəkələri. Layihələndirmə normaları”nda əksini tapıb.

İstilik şəbəkələrinin tərkibinə istilik şəbəkələrinin bina və qurğuları (nasosxanalar, istilik məntəqələri, pavilyonlar, istilik kameraları, drenaj qurğuları) daxildir. Mərkəzi istilik təchizatı sistemi (MİTS) bir və ya bir neçə istilik mənbəyindən, istilik şəbəkələrindən (xarici istilik kəmərlərinin diametrindən, sayından və uzunluğundan asılı olmayaraq) və istilik istehlakçılarından ibarət olan sistemdir. İstilik şəbəkələrinə zərərli maddələrin düşməsi ehtimalı olan sənaye müəssisələrinin texnoloji qurğuları istilik şəbəkələrinə aralıq suqızdırıcı vasitəsi ilə qoşulmalıdır. Bu qurğularla suqızdırıcı arasında əlavə aralıq sirkulyasiya konturu yaradılmalı və bu aralıq konturda təzyiq, istilik şəbəkəsindəkindən az olmalıdır. Bu halda zərərli maddələrə nəzarət etmək üçün nümunə götürməyə imkan verən sınaq nöqtələri quraşdırılmalıdır. İstehlakçıların isti su təchizatı sistemi buxar istilik şəbəkələrinə buxar-suqızdırıcıları vasitəsi ilə qoşulmalıdır.

İstilik şəbəkələrinin və MİTS-in fəaliyyəti bütövlükdə aşağıdakılara imkan verməməlidir:

- atmosferdə onun öz-özünü təmizləmə qabiliyyəti nəzərə alınmaqla, konkret yaşayış məhəlləsində, mikrorayonda, yaşayış məntəqəsində və tunellərdə, kanallarda, kameralarda, otaqlarda və digər qurğularda əhali, təmir-istismar heyəti və ətraf mühit üçün toksik və zərərli maddələrin konsentrasiyasının yolverilən həddən yüksək olmasına;

- altından istilik kəmərləri çəkilən bitki örtüyünün (otların, kolların, ağacların) təbii istilik rejiminin davamlı pozulmasına.

Boru kəmərlərinin, armaturların və avadanlıqların izolyasiya konstruksiyalarının səthində temperatur istilik kəmərləri binaların zirzəmilərində, döşəməaltı texniki kanallarda, tunellərdə və keçidli kanallarda çəkildikdə 45°C-dən, yerüstü çəkilişlərdə, kameralar və digər xidmət üçün nəzərdə tutulan yerlərdə 60°C-dən yüksək olmamalıdır. Qapalı istilik təchizatı sistemlərində istehlakçıların şəbəkə suyundan bilavasitə götürülməsinə yol verilmir. Açıq istilik təchizatı sistemlərində isti su təchizatı istehlakçıların bir hissəsinin abonentlərin istilik məntəqələrində su-su istilik dəyişdiricisi vasitəsi ilə qoşulmasına (qapalı sistem üzrə) müvəqqəti olaraq yol verilir və bu halda şəbəkə suyunun keyfiyyəti qüvvədə olan normativ sənədlərin tələblərini ödəməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR