Bakıda "Böyük idman tədbirləri zamanı sərnişin və mal axınının idarə edilməsi" mövzusunda təlim keçirilir

Bakıda "Böyük idman tədbirləri zamanı sərnişin və mal axınının idarə edilməsi" mövzusunda təlim keçirilir
# 09 mart 2017 13:56 (UTC +04:00)

Bu gün Bakıda Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının "Potensialın gücləndirilməsi" layihəsi çərçivəsində "Böyük idman tədbirləri zamanı sərnişin və mal axınının idarə edilməsi" mövzusunda təlim öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, təlimin açılış mərasimində DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Rauf Məmmədov beynəlxalq tədbirlərin, kütləvi idman oyunlarının keçirilməsində, o sıradan təşkilati məsələlərin idarə edilməsində ölkəmizin müvafiq orqanları və DGK əməkdaşlarının kifayət qədər təcrübə topladığını bildirib.

Qeyd edilib ki, əldə olunan nailiyyətlərlə yanaşı, Avropada və dünyada bu sahədəki ən son yeniliklərlə tanış olmaq, bilik və bacarıqları təkmilləşdirmək baxımından adı çəkilən təlim gömrükçülər üçün xüsusi əhəmiyyət daşıyır.

Şərq Tərəfdaşlığı Proqramının layihə rəhbəri Dariusz Mroviec Azərbaycana səfərindən məmnunluq duyduğunu bildirib və rəhbərlik etdiyi layihə barədə məlumat verərək təlimin gömrük orqanları üçün əhəmiyyətindən danışıb.

İki gün davam edəcək təlim zamanı beynəlxalq ekspertlər Tadeusz Senda və Tomasz Mıchalak iştirakçılara kütləvi idman tədbirləri zamanı gömrük sərhədindən keçən idmançılar, jurnalistlər, sərnişinlər, mallar barədə müfəssəl qiymətləndirilmənin aparılması, resursların balanslaşdırılması və bölüşdürülməsi, idarəetmə strukturları, qurumlararası və beynəlxalq əməkdaşlıq, mümkün böhran vəziyyətlərinin idarə edilməsi və digər mövzularda məlumat verəcəklər.

Təlimdə DGK-nın müxtəlif idarələrinin 20-dək əməkdaşı iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR