"Sumqayıt"ın prezidenti: "Hər iki cəbhədə iddiamızı sona qədər davam etdirəcəyik"

"Sumqayıt"ın prezidenti: "Hər iki cəbhədə iddiamızı sona qədər davam etdirəcəyik"
# 31 yanvar 2020 12:05 (UTC +04:00)

“Təlim-məşq toplanışımız yaxşı keçdi. Bəxtimiz gətirdi ki, bu dəfə Antalyada hava yaxşı idi. Yağış yağmadı, heç bir oyunumuz təxirə salınmadı".

Bunu apasport.az saytına "Sumqayıt"ın prezidenti Riad Rəfiyev deyib.

"Gənclik şəhəri" təmsilçisinin qış toplanışını dəyərləndirən gənc rəhbər komandadan razılıq bildirib: "Toplanışda əsas məqsəd komandanın durumunu yoxlamaq, ikinci dövrəyə nə dərəcədə hazır olduğunu görməkdir. Oyunların nəticəsi də bizim üçün müsbət oldu. Təbii ki, psixoloji cəhətdən qələbə hər zaman vacibdir. Amma buna arxayınlaşsaq, özümüzü aldadarıq. Yoxlama görüşlərində hesab önəmli deyil. Çünki çempionat oyunları tam fərqlidir. Misal üçün ötən mövsümü göstərə bilərəm. Yoxlama görüşlərində yaxşı nəticələr əldə etdik, ancaq çempionatın ikinci yarısı istədiyimiz kimi keçmədi. Bizi sevindirən əsas məqam odur ki, Antalyada şans verilən gənclər çox yaxşı təsir bağışladılar. Ümumi hazırlığı qənaətbəxş saymaq olar".

Qış transfer dönəmində oyunçu almayacaqlarını söyləyən Rəfiyev avrokubok hədəfi ilə bağlı konkret bir söz deməyib: "Məqsədimiz ikinci yarıda daha yaxşı çıxış etmək və qələbələrin sayını artırmaqdır. Futbolçular hər oyuna 3 xal üçün çıxmalıdırlar. Kubokda finalın bir addımlığındayıq, çempionatda dördüncü pillədə qərarlaşmışıq. Hər iki cəbhədə iddiamızı sona qədər davam etdirəcəyik. Niyə də avrokuboka vəsiqə qazanmayaq? Hər şey ola bilər".

O, növbəti mövsüm Premyer Liqada 10 komandanın iştirak edəcəyi məsələsinə də münasibət bildirib. Klub prezidenti daha çox klubun elitada mübarizə aparmasını arzulayır: "Premyer Liqada daha çox komandanın iştirakının tərəfdarıyam. Nə qədər çox komanda olsa, bir o qədər yaxşıdır. Amma bir şərtlə ki, sağlam, normal komandalar Premyer Liqaya qəbul olunmalıdır, lisenziyanın bütün tələblərinə cavab verməlidir".

Rəfiyev "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovun adının Azərbaycan millisi ilə birgə çəkilməsinə də toxunub. O, buna sevindiyini gizlətməyib: "Baş məşqçimizin adının milli komanda ilə birgə hallanması bizim üçün sevindirici məqamdır. Deməli, düzgün işləyirik. Əlbəttə ki, yaxşı olardı. Amma bu məsələdə qərar mənə yox, AFFA-ya aiddir".

Premyer Liqada ikinci yarı öncəsi lider "Qarabağ" ən yaxın izləyicisi olan "Neftçi"ni 6 xal qabaqlamasına baxmayaraq, Riad Rəfiyev hər iki komandanın çempionluq şansını eyni hesab edir: "Həm "Qarabağ", həm də "Neftçi" yaxşı durumdadır, ilk yarıda yüksək səviyyəli futbol sərgilədilər. Bu səbəbdən çempionluq yarışında onlardan birini digərindən şanslı saymıram. Hər ikisinin şansı eynidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR