Azərbaycanda bu ilin 6 ayı ərzində 1500 başdan çox heyvanda bruselyoz xəstəliyi aşkarlanıb

Azərbaycanda bu ilin 6 ayı ərzində 1500 başdan çox heyvanda bruselyoz xəstəliyi aşkarlanıb
# 24 iyul 2015 13:03 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Bu ilin 6 ayı ərzində respublikada 926 baş iribuynuzlu və 605 baş xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyi aşkarlanıb. Xəstə heyvanlar 15 gün ərzində təsərrüfatdan çıxarılıb və zərərsizləşdirilib”.

Bunu APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

O bildirib ki, bruselyoz xəstəliyi respublikanın hər bir rayonunda müşahidə olunur: “Bu xəstəlik daim qeydə alınan xəstəlikdir. Lakin ölkədə geniş formada yayılmayıb. Bruselyozun ləğvi istiqamətində həm xırdabuynuzlu heyvanlar peyvəndlənir, həm də iribuynuzlu heyvanlardan qan nümunələri alınır. 2015-ci ilin 6 ayı ərzində 862 632 baş iribuynuzlu, 137 556 baş ana qoyun və 127 004 baş qoçdan qan nümunələri götürülüb. Eyni zamanda, 1 464 912 baş xırdabuynuzlu heyvan REV-1 vaksini ilə peyvənd olunub. Bu vaksinlə heyvanlar immuniteti 4 il saxlaya bilir. Güman edirik ki, 4 ildən sonra yeni vaksinasiya aparılanda xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyi qeydə alınmayacaq. Dövlət Baytarlıq Nəzarəti Xidməti mütəmadi şəkildə epizootik tədbirlər planına uyğun olaraq bunları həyata keçirir”.

Y. Xanvəli qeyd edib ki, bruselyoz xəstəliyinin ildən-ilə azalması müşahidə olunur: “Respublikada həm heyvanlar, həm də insanlar arasında bruselyoz xəstəliyinin aşağı düşmə dinamikası bir neçə ildir davam edir. 6-7 il əvvəl respublikada 700-800 nəfər bu xəstəliyə yoluxurdusa, 3-4 ildir ki, 200-220 nəfər bruselyoza yoluxur. İnsanlar bruselyoza əsasən çiy süd və pendirdən yoluxurlar. Yenə qeyd edirəm ki, biz Dövlət Baytarlıq Nəzarəti Xidməti olaraq bruselyoz xəstəliyinin tamamilə ləğvi istiqamətində tədbirlərimizi davam etdiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR