FHN “Sovetski”dəki yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB-5

FHN “Sovetski”dəki yanğınla bağlı məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB-5
# 27 yanvar 2017 21:30 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Yasamal rayonunda "Sovetski" adlanan ərazisində binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda vətəndaşlara məxsus üçmərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 4 mənzili 118 m² sahədə yanıb.

Yanğın zamanı 1969-cu il təvəllüdlü Liliya Mixalovna Xazibovanın yanmış meyiti aşkar olunub və 3-cü mərtəbənin eyvanından 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər hadisə yerinə cəlb olunaraq L.M.Xazibovanın meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.

***

20:39

"Yanğın haqda məlumat bu gün saat 17.01 radələrində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə (DYMX) daxil olub. Dərhal ərazi üzrə hadisə yerinə Yasamal Dövlət Yanğından Mühafizə hissəsinin yanğın bölmələri cəlb olunub".

APA-nın xəbərinə görə, bunu FHN DYMX-nin Yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov deyib.

O bildirib ki, yanğınsöndürənlər hadisə yerinə 17.10-da çatıb: "Yanğının mürəkkəbliyi nəzərə alınaraq 2 saylı çağırış elan olunub. Dərhal Bakı qarnizonunun qüvvə və vasitələri hadisə yerinə cəlb edilib. Yanğının söndürülməsinə 13 yanğın avtomobili, 90 nəfərə yaxın şəxsi heyət cəlb olunub. Yanğın ümumi həyət tipli bir tərəfi 2 mərtəbəli, digər tərəfi 3 mərtəbəli taxta konstruksiyalardan ibarət olan mənzillərdə baş verib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər sakin xilas olunub, uçqun altında qalan 1 nəfər qadın meyiti aşkarlanıb".

Ə. Novruzov qeyd edib ki, xilas olunanlardan 2-si qadın, 2-si isə kişidir: "Xilas olunanlardan 2-si ağır yataq xəstəsidir. Bir qadın əl nahiyəsindən aldığı yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə aparılıb, ona ilkin yardım göstərilib. Yanğının baş verməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır. Təhqiqat işlərinin nəticəsindən asılı olaraq yanğının başvermə səbəbləri müəyyən olunacaq. Pilləkən qəfəsləri taxta konstruksiyadan olduğundan yanğının ilk olaraq qısa müddətdə mənzillərə yayılma təhlükəsi sürətli olub, nəticədə insanlar alovun mühasirəsində qalıblar. Yanğınsöndürənlərin səyi nəticəsində insanlar xilas olunub. Yanğının söndürülməsi 35-40 dəqiqə çəkib. Hazırda konstruksiyaların sökülmə işləri davam edir".

***

19:09

“Sovetski”də baş verən yanğının qarşısı alınıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

saat 19.03

Bakının Yasamal rayonunda "Sovetski" adlanan ərazisində üçmərtəbəli yaşayış binasında yanğının söndürülməsi zamanı binadan üç nəfər xilas olunub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

saat 18.46

“Sovetski”də baş verən yanğın lokallaşdırılıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının tam söndürülməsi üçün tədbirlər davam etdirilir.

***

saat 18.26

Bakıda yaşayış binasında baş verən yanğında bir nəfər ölüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ölən şəxs yanğın baş verən mənzillərdən birinin sakini, 1969-cu il təvəllüdlü Liliya Mixaylovna Xazibovadır.

Qeyd edək ki, yanğın zamanı tüstüdən zəhərlənən başqa bir qadına - 1935-ci il təvəllüdlü Raisa Abutalıbovaya təcilli tibbi yardım briqadasının həkimləri tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.

***

saat 18.13

“Sovetski”də baş verən yanğında bir qadın tüstüdən zəhərlənib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın hadisəsi Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında qeydə alınıb.

Yanğın binadakı mənzillərdən ikisini əhatə edib. Hadisə yerində olan təcilli tibbi yardım briqadasının həkimləri tüstüdən zəhərlənən qadına ilkin tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

saat 17.31

Bakının “Sovetski” kimi tanınan ərazisində yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Akademik Milli Dram Teatrı yaxınlığında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və texnikası cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR