Beynəlxalq səviyyəli mütəxəssis “Gilan Holding”də təlim keçib

Beynəlxalq səviyyəli mütəxəssis “Gilan Holding”də təlim keçib
# 05 dekabr 2016 07:17 (UTC +04:00)

Avropanın satış təlimləri üzrə №1 beynəlxalq səviyyəli mütəxəssis, “Dünyanın ən yaxşı satıcısı” və satışların idarə edilməsi sahəsində digər çoxsaylı uğur, titul və mükafatların sahibi Maykl Benq (Michael Bang) “Gilan Holding”in əməkdaşlarına təşkil olunmuş təlim və seminarda iştirak edib.

APA-Economics”in məlumatına görə, onun müxtəlif məhsul və xidmətlərin satışı, həmçinin investisiyaların cəlb edilməsi sahəsində 30 ildən artıq şəxsi təcrübəsi var. Bu təlimlərin nəticəsində əməkdaşlar və seminarların iştirakçıları qısa bir müddətdə işin sadə və effektiv sistemini öyrənirlər.

M.Benq “Heineken”, “Nestle”, “Whirlpool”, “Toyota”, “Toshiba”, “Renault”, “Volvo”, “Land Rover”, “Unilever”, “Meqafon” və dünya səviyyəsində tanınmış bir çox şirkətlərin rəhbərliklərinə və işçi heyətinə təlimlər və seminarlar keçirir. O, dünyanın satış üzrə ən tələb olunan təlimçilərindən biridir. Hər il M. Benq 10 000-dən artıq iştirakçı olmaqla 150-dən artıq təlim keçirir.

Onun keçirdiyi təlimlər məhz xüsusi olaraq qısa bir müddətdə maksimal nəticə əldə etmək istəyənlər üçün hazırlanıb.

APA-Economics”ə açıqlamasında M.Benq bildirib ki, bu gün hər bir insan ekstremal bir dünyada yaşayır: “Biz hazırda həlli təcili olan problemlərin öhdəsindən gəlməliyik. Bu problemlərin və çağırışların həlli nəticəsində istənilən biznes növü daha uğurla fəaliyyət göstərə bilər. Artıq 4 gündür ki, “Gilan Holding” üçün məxsusi təlimlər keçiririk. Bu təlimlərdə araşdırılan əsas məsələ daha səmərəli fəaliyyət göstərmək, tabeçiliyimizdə olan insan resurslarını nə cür daha səmərəli şəkildə idarə edə bilməyimizdir”.

Mütəxəssis bildirib ki, ikinci amil isə bizim xidmətlərimizin və məhsullarımızın fəaliyyət göstərdiyi bazarlarda satışının daha səmərəli şəkildə qurulması ilə əlaqələndirilir: “Odur ki, bu iki amilin birləşməsi, yəni insan resurslarının idarə olunması, habelə satışların daha səmərəli şəkildə təşkil edilməsi bugünkü dünyanın rəqabətli və sərt bazarı şəraitində həddən ziyadə vacib faktordur. Bundan əlavə, biz fikirləşirik ki, insanlar hazırda onlara verilmiş potensialı, tam və səmərəli şəkildə istifadə etmirlər. Odur ki, mən həqiqətən düşünürəm ki, biz bu potensialı daha da təkmilləşdirə bilərik.

Bu səbəbdən, bizim araşdırdığımız məsələlərdən biri də insan potensialıdır. Biz həqiqətən inanırıq ki, hazırda istifadə etdiyimiz insan potensialından qat-qat çox tərzdə və səviyyədə istifadə edə bilərik”.

Həmçinin M.Benq qeyd edib ki, döyüş növləri üzrə təlimlər və məşqlər təşkil etdikdə, görüb ki, onların təlim və təşkili əslində biznesin təlim və təşkilinə həddən ziyadə bənzəyir: “Prinsiplər və əsas məsələlər demək olar ki, eynidir. Bir qayda olaraq biz idmanda tətbiq olunan prinsipləri mənimsəyirik və onları biznes sahəsinə keçiririk. Bunun sayəsində biznes fəaliyyəti daha səmərəli şəkildə icra olunmağa başlayır. İnanırıq ki, bu təlimlərin nəticəsində insanlar daha səmərəli şəkildə fəaliyyət göstərəcək, daha nikbin, mübariz olacaqlar. Məqsədimiz odur ki, insanlar müvafiq baryerləri aşaraq həm özlərinin, həm şirkətin təyin etdiyi məqsədlərə nail olsunlar”.

Qeyd edək ki, təlim-seminar 4 gün müddətində “Pullman Hotel”də təşkil edilib. Bu təlimlərdə hər gün təqribən 100 nəfərə yaxın “Gilan Holding”in əlaqədar sahədə əməkdaşı, ümumilikdə 4 gün ərzində isə 400 nəfərə yaxın əməkdaş və rəhbər heyət iştirak edib.

“Gilan Holding” tərəfindən gələcəkdə belə beynəlxalq səviyyəli təlim-seminarların təşkil edilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR