MM-də Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

MM-də Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
# 01 fevral 2018 15:58 (UTC +04:00)

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanda səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın məlumatına görə, S. Seyidov bütün beynəlxalq qurumlarda, o cümlədən AŞPA-da Azərbaycan və Türkiyə təmsilçilərinin sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini, bir-birini dəstəklədiyini, haqqa və ədalətə tərəfdar çıxdığını bildirib.

O qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri region ölkələri üçün örnəkdir. Milli Məclis deputatlarının AŞPA-dakı fəaliyyətinə toxunan S. Seyidov nəzərə çatdırıb ki, hər zaman Türkiyənin maraqları tərəfimizdən ən yüksək səviyyədə qorunacaq.

J. Sarıeroğlu isə Türkiyənin ictimai-siyasi həyatındakı aktual məsələlərdən söz açıb, antiterror əməliyyatlarından bəhs edib, AŞPA-da Türkiyənin haqlı mövqeyini dəstəklədiklərinə görə qurumdakı nümayəndə heyətimizə təşəkkürlərini bildirib.

Sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Sahibə Qafarova, Fazil Mustafa, Sabir Hacıyev, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təmsilçiləri, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR