Mikayıl Cabbarov: “Peşə təhsili sistemində bir sıra problemlər mövcuddur”

Mikayıl Cabbarov: “Peşə təhsili sistemində bir sıra problemlər mövcuddur”
# 09 oktyabr 2017 22:18 (UTC +04:00)

"Əmək bazarının tələbatının daha dolğun təmin edilməsini, iqtisadiyyatın prioritet inkişaf istiqamətlərini, xüsusilə rayonların ixtisaslaşmasını nəzərə alaraq, cari tədris ilindən mövcud ilk peşə-ixtisas təhsili müəssisələrində 22 yeni ixtisas üzrə kadr hazırlığına başlanıb".

APA-nın xəbərinə görə, bunu Təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Nazir bildirib ki, ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi ilə bağlı “Pambıqçı”, “Baramaçı”, “Tütün ustası” kimi ixtisaslarla yanaşı “Suvarma sistemlərinin operatoru”, “Soyuducu qurğularda məhsulların saxlanması və anbarlanması üzrə operator”, “Bitkiçilik mütəxəssisi”, “Aqroservis mütəxəssisi”, “Heyvandarlıq mütəxəssisi” kimi yeni ixtisaslar üzrə kadr hazırlığına start verilib.

“Bununla belə, peşə təhsili sistemində bir sıra problemlər də mövcuddur ki, bunlar Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrasına mane olur. Maddi-texniki bazanın köhnələrək tam sıradan çıxması, peşə-ixtisas təhsili sistemində çalışanların əməkhaqqının əmək bazarında uyğun ixtisaslar üzrə əməkhaqqı səviyyəsindən xeyli aşağı olması bu sahədə mövcud olan ən ciddi problemlərdəndir”, deyə M.Cabbarov qeyd edib.

Nazir həmçinin bildirib ki, ötən ildən Təhsil nazirliyinin “ASAN xidmət”lə birgə reallaşdırılan “ASAN peşə” layihəsi 2017-2018-ci tədris ilində ölkəni tam əhatə edib, ilk peşə-ixtisas təhsili müəssisələrinə elektron sənəd qəbulu yolu ilə 11 min 684 nəfər qəbul olunub. Qəbulda iştirak edənlərin keyfiyyət göstəriciləri üzrə cari ildə müsbət dəyişikliklər müşahidə olunub, sənəd verənlərin arasında attestat qiymətləri “4” və “5” olanların sayı ötən illə müqayisədə üç dəfə çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR